Bakıda oğurluq edən şəxslər saxlanılıblar

Paytaxtın Nəsimi rayonunda ayrı-ayrı vətəndaşlara məxsus 5 mobil telefon və içərisində bank kartları olan pul kisəsi oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən 48 yaşlı V.Kərimov, 55 yaşlı Q.Məmmədov, 37 yaşlı İ.Quliyev və 40 yaşlı T. Həsənov saxlanılıblar.

Nərimanov rayonunda isə naməlum şəxs paytaxt sakininin evindən 5 min manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı M.Elyasov saxlanılıb. İdarənin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı 1986 manat dəyərində moped oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı K.Qaçayev də tutulub.

Nizami rayonunda sürücü polisə müraciət edərək “VAZ-2102” markalı avtomobilinin naməlum şəxslər tərəfindən qaçırıldığını bildirib. Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 30 yaşlı N. Hüseynov və 23 yaşlı V. Axundov saxlanılıblar. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən aşkarlanaraq sahibinə təhvil verilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə