Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən, hətta sərnişindaşıma fəaliyyəti göstərən sürücülərə rast gəlinir. SİA xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə çağırışında qeyd olunub.
Bildirilib ki, səhhətində problemlər olduğunu bildiyi halda qeyri-müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Fail Nemətov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Ələt-Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən səhhətinin pisləşməsi səbəbindən idarəetməni itirərək qarşıda gedən yük avtomobili ilə toqquşub.
Qəzada xəsarətlər alan sürücü və sərnişini – Lənkəran rayon sakini Hüseynağa Kərimov xəstəxanaya çatdırılsa da, sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
"Baş Dövlət Yol Polisi İdarəsi bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onları yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağa, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır!",- deyə məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə