Yanvarın 7-də müxtəlif saatlarda Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan üç nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. SİA-nın məlumatına görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.
Qeyd olunub ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) sol yanağın və gicgah çənə nahiyəsinin çoxsaylı cırılmış açıq yarası, 1960-ci il təvəllüdlü şəxsə (qadın cinsli) burunun kəsilmiş cırılmış açıq yarası, sağ saidin didilmiş sıyrılmış yarası, 1959-cu il təvəllüdlü şəxsə (qadın cinsli) isə sağ əlin üç və dördüncü barmaqlarının kəsilmiş cırılmış yarası, sağ saidin arxa səthinin kəsilmiş açıq yarası diaqnozu təyin olunub:
"Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərildikdən və quduzluq əleyhinə vaksin vurulduqdan sonra onlardan iki nəfər - 1960-cı il və 2018-ci il təvəllüdlü pasiyentlər həmin günü Bakı şəhərində yerləşən Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.
1959-cu il təvəllüdlü şəxs isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə