Nazir təyyarə qəzası nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib
Səhiyyə naziri Teymur Musayev “Azərbaycan Hava Yolları” aviaşirkətinin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğradığı nəticəsində xəsarət alan vətəndaşlarımızı ziyarət edib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, nazir müalicə almaq üçün Bakıya gətirilən yaralılar üçün yaradılan şərait və onların səhhəti ilə maraqlanıb.
Səhiyyə nazirinə məlumat verilib ki, yaralılara zəruri tibbi yardımın göstərilməsi üçün bütün lazımi tədbirlər görülüb, yüksək səviyyəli müayinə-müalicə prosesi həyata keçirilir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Dövlət Komissiyasının yaradıldığını vurğulayan nazir deyib: “Sərəncamla aidiyyəti dövlət qurumları, eləcə də Səhiyyə Nazirliyinə müvafiq tədbirlər görmək üçün zəruri tapşırıqlar verilib. Qazaxıstanda baş verən təyyarə qəzasında yaralanan həmvətənlərimizə və digər zərərçəkənlərə dəstək məqsədilə Prezident İlham Əliyevin tapşırığı və Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarəti ilə geniştərkibli tibbi heyət dərhal hadisə yerinə göndərilib”.
Nazirin sözlərinə görə, həmin tibbi heyət artıq Bakıya qayıdıb. Yaralanan 14 Azərbaycan vətəndaşı dünən Qazaxıstandan Vətənə gətirilib və Bakıdakı Yeni Klinika tibb müəssisəsində yerləşdirilib. İlkin müayinələrin nəticələrinə əsasən, onların vəziyyəti stabil və qənaətbəxşdir. Zərərçəkənlərin əksəriyyətinin yaxın günlərdə evlərinə buraxılması gözlənilir.
Səhiyyə naziri qeyd edib ki, Qazaxıstanlı həmkarlara dəstək və müalicə proseslərinin tənzimlənməsi məqsədilə bu gün Bakıdan Aktauya 2 həkim və 2 tibb bacısından ibarət heyət göndəriləcək.
Sonda Teymur Musayev yaralıların tezliklə şəfa tapmasını və doğmalarına qovuşmasını arzulayaraq deyib: “Aviaqəzada xəsarət alan bütün Azərbaycan vətəndaşlarına Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzində psixoloji və ehtiyac olduqda, tibbi reabilitasiya xidmətləri göstəriləcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə