Balakən sakini təyyarə qəzasında xəsarət alan həyat yoldaşı və oğlunun durumunu açıqlayıb

AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Balakən sakininin xanımı həyat yoldaşının reanimiasiya şöbəsində müalicə aldığını deyib. SİA-nın məlumatına görə, Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə xəsarət alan sərnişinlərdən ikisi Balakən rayonunun Qullar kəndindən olan Tofik Devrişov və onun oğlu Samir Devrişovdur.

Məlumata görə, T.Devrişov oğlu Samirlə birlikdə Çeçenistanda işləyən digər oğlu Sahibin yanına istirahətə gedirlərmiş.

T.Devrişovun həyat yoldaşı Üzlüfat Devrişova "Report"un yerli bürosuna bildirib ki, hazırda oğlunun vəziyyəti qənaətbəxşdir, həyat yoldaşı isə reanimasiyadadır.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb. Təyyarədə olan sərnişinlərdən 15 nəfəri Balakən rayonundan olub. Onlardan 10 nəfər həlak olub, 5 nəfəri isə yaralanıb.

Hadisə ilə əlaqədar dekabrın 26-sı Azərbaycanda matəm elan edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə