“25 Noyabr tarixində BakuBus-ın istismarında olan 88 nömrəli marşrut xəttində baş vermiş xoşagəlməz insidentlə bağlı ictimaiyyəti məlumatlandırmaq zərurəti yaranmışdır. Hadisə zamanı sərnişin ödənişini kartla etdikdən sonra sürücüdən arxa qapını açmasını avtobusa arxa qapıdan minməyi tələb etmişdir”. Bu barədə SİA-nın sorğusuna cavab olaraq “Baku Bus” MMC-nin mətbuat xidmətindən məlumat verilib.
Qurumdan bildirilib ki, sürücü Babayev Natiq Nadir oğlu təhlükəsizlik qaydalarına əsaslanaraq, arxa qapıdan minməyin qadağan olduğunu və belə halların nəzarət kameralarında qeydə alınıb cəriməyə səbəb ola biləcəyini izah etmişdir: “Bu səbəbdən sürücü və sərnişin arasında mübahisə yaranmışdır.
Davamında, sürücü monitorinq mərkəzi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat vermiş və özünü yaxşı hiss etmədiyini bildirib avtobusu dayandırmışdır. Təəssüf ki, bu hadisə digər sərnişinlərin də mübahisəyə qoşulmasına səbəb olmuşdur. Sürücü, sərnişinləri arxadan gələn 88 nömrəli avtobusa yönləndirərək onların ödənişsiz şəkildə daşınmasını təmin etmişdir.
Qeyd edirik ki, sürücünün avtobusu dayandırmaq və sərnişinləri avtobusdan düşürmək səlahiyyəti yoxdur. Bu səbəbdən, BakuBus qaydalarına uyğun olaraq sürücü cəzalandırılmışdır.
BakuBus, sərnişinlərdən anlayış və qaydalara riayət etməyi xahiş edir, susürücülərimizin peşəkarlıq və davranış qaydalarına tam əməl etməsi üçün davamlı tədbirlər həyata keçirildiyini diqqətinizə çatdırırıq. İctimai nəqliyyatda nizam-intizamı qorumaq, sərnişinlərimizə keyfiyyətli xidmət göstərmək və hər hansı insidentlərin qarşısını almaq üçün birlikdə çalışmalıyıq. BakuBus olaraq, sərnişinlərimizin rahatlığı və təhlükəsizliyini təmin etmək bizim üçün əsas prioritetdir”.
Xatırladaq ki, 25 noyabr tarixində 88 nömrəli avtobusda sürücünün sərnişinlərdən birinə əsəbləşdiyi üçün bütün sərnişinləri avtobusdan endirməsi ilə bağlı iddialar yayılmışdı.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə