Pirallahıda YAP-ın namizədi üçün 350 imza toplandı

Məlum olduğu kimi, aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyası (YAP) ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin prezidentliyə namizədliyini rəsmi olaraq irəli sürüb. Namizədliyi Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan cənab İlham Əliyevin imzatoplama kampaniyasına dünəndən start verilib. Seçki qanunvericiliyinə uyğun olaraq 50 mindən artıq imza toplanmalıdır.

Ölkəmizin hər yerində olduğu kimi, Pirallahı rayonunda da 2018-ci il aprel ayının 11-də keçiriləcək prezident seçkilərinə hazırlıq yüksək səviyyədə aparılıb. Bu cür hazırlıq seçkilərin şəffaf və ədalətli keçəcəyini deməyə əsas verir. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında partiyadan namizədliyi irəli sürülmüş ölkə Prezidenti cənab İlham Əliyevin seçkiqabağı kampaniyasına dəstək məqsədilə YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsi yaradılıb.

YAP Mərkəzi Seçki Qərargahının Pirallahı rayon şöbəsindən verilən məlumata görə, rayon təşkilatının fəalları ilə görüşlər təşkil edilib, imza toplayacaq şəxslərlə treninqlər keçirilib. Prezidentliyə namizədin müdafiəsi üçün seçici imzalarının toplanmasına start verilib. Seçici imzalarının toplanması haqqında Təlimatın 2.3 bəndinə əsasən YAP Pirallahı rayon təşkilatının seçici imzaları toplayacaq fəalları tədris müəssisələri və yaşayış yerlərində olublar. Fəal partiya üzvlərimiz üzərinə düşən vəzifəni lazımi səviyyədə yerinə yetirməyə, hər mərhələnin uğurla həyata keçirilməsinə öz töhfəsini verməyə çalışırlar. Bütün üzvləri ilə YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını ruh yüksəkliyi ilə həyata keçirir. Ümumilikdə rayon üzrə 350 imza toplamaq üçün 7 nəfər YAP üzvü imzatoplama kampaniyaya cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə