"Çətin vəziyyətdə olan ailələrə xüsusi diqqət yetirilməlidir" Qənirə Paşayeva

“Çətin vəziyyətə düşən ailələrin 15 minə yaxın övladının təhsil haqlarının pandemiya dövründə ödənilməsi dövlət tərəfindən həyata keçiriləcək”. SİA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deputat Qənirə Paşayeva deyib.

O, sosial həssas qrupa aid edilən kateqoriyanın sərhədlərinin genişləndirilməsini təklif edib: “Çünki bununla bağlı hədsiz müraciət var. Hətta təhsil haqqına görə təhsilini atmaq istəyən 3-cü, 4-cü kurs tələbələri var. Ümumiyyətlə, çətin vəziyyətdə olan ailələrə xüsusi diqqət yetirilməlidir. Sosial baxımdan həssas qrupa daxil edilən tələbələrin sayı artırılmalıdır. Təhsil Nazirliyi də bununla bağlı məsələyə yenidən baxmalıdır”.

Deputat bildirib ki, bəzi sahələrlə bağlı yumşalmalara yenidən baxmaq lazımdır: “Mall”ardan kənarda olan mağazaların, açıq havada olan kafe və restoranların açılmasına ehtiyac var. Bu, iş yerləri, sahibkarlığın inkişafı baxımından müsbət addım olardı. Amma bu məsələlərə baxılması, risklərin dəyərləndirilməsi də vacibdir”.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...