Peşə təhsilinə maraq niyə azalıb? SƏBƏBLƏR

Peşə seçimi insan həyatının mühüm qərarlarından biridir. Bu qərarın verilməsində gələcək həyatın bütünlüklə dəyişməsi ehtimalı nəzərə alınmalıdır. Amma nədənsə, son zamanlar məktəbi bitirən şagirdlər bilik və bacarığından asılı olmayaraq, yalnız ali məktəbə daxil olmağa can atırlar. Görəsən bunu şagirdlərin özləri istəyir, yoxsa valideynlər təhrik edir? Bir zamanlar üstünlüyü ilə digərlərini arxada qoyan peşə məktəblərinə üz tutanların sayı niyə azalıb? Hər kəsin ali təhsil alması mütləqdir? SİA bu suallara cavab tapmağa çalışıb.

"Uşaqları əməyə cəlb etmək üçün peşə məktəblərinə yönəltmək lazımdır"

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva söyləyib ki, Azərbaycanda peşə təhsili genişləndirilməlidir: "Bütün uşaqların qavrama səviyyəsi eyni dərəcədə ola bilməz. Buna baxmayaraq valideynlər, övladlarının məhz ali təhsil almasına çalışır. Şagirdlər X-XI siniflərdə repetitor yanına getməklə ali məktəbə daxil olmağa üstünlük verirlər. Çox təəssüf ki, hazırda bir çox şagirdlər bütün proqramı məhz 2 il müddətində öyrənməklə ali məktəblərə qəbul olur, peşə təhsilindən isə yayınırlar. Azərbaycanda böyük bacarığa, əl qabiliyyətinə malik uşaqlar az deyil. Belə uşaqları əməyə cəlb etmək, onların qabiliyyətinin üzə çıxarılması üçün peşə məktəblərinə yönəltmək lazımdır".

"Əgər şagirdin ali məktəbdə oxumaq qabiliyyəti yoxdursa, niyə məcburi şəkildə ali təhsil almalıdır?

K. Əliyeva söyləyib ki, əgər şagird ali məktəbdə oxumaq qabiliyyətinə malik deyilsə, onun bu universitetdə oxumasının heç bir əhəmiyyəti yoxdur: "Bəzən Azərbaycana xarici ölkələrdən müxtəlif sahələr üzrə mütəxəssislər dəvət edilir. Bunun səbəbi ölkəmizdə həmin sahə üzrə peşəkarın olmamasıdır. Bu, təəssüfləndirici haldır. Hər il 100-105 min abituriyent orta məktəbi bitirir. Onlardan 30-35 mini plana görə, ali məktəblərə daxil olur ki, bu da təxminən abituriyentlərin 30 faizini təşkil edir. Bəs abituriyentlərin 70 faizinin aqibəti necə olur? Əgər ali məktəblərin plan yeri abituriyentlərin 30-35 faizini təşkil edirsə, digər şagirdlər də peşə təhsilinə yönəlməlidir. Əgər şagirdin ali məktəbdə oxumaq qabiliyyəti yoxdursa, niyə məcburi şəkildə ali təhsil almalıdır? Hazırda bu məsələ Təhsil Nazirliyi səviyyəsində qaldırılıb. Təhsil naziri Mikayıl Cabbarov bu sahəyə maraq göstərir və bu yönümdə böyük işlər aparılır. Ümidvaram ki, peşə təhsili istiqamətində aparılan işlər yaxın zamanda öz bəhrəsini verəcək".

"Peşə məktəbləri lazımi avadanlıqlarla təmin edilməlidir"

K. Əliyevanın fikrincə, peşə təhsili ilə bağlı nəinki Bakıda, eləcə də rayonlarda genişləndirilməlidir: "Yeni peşə məktəblərinin tikilməsinə ehtiyac var. Məktəblər tikildikdən sonra onlar lazımi avadanlıqlarla təmin edilməlidirlər ki, bölgələrimizdə olan uşaqlar da peşə təhsilinə yiyələnə bilsinlər. Ümumiyyətlə, ölkədə peşə təhsilinin səviyyəsi qaldırılmalıdır".

"Bütün insanlar ali təhsil almalıdır"

Təhsil eksperti Şahlar Əsgərov bildirib ki, ki hər kəs ali təhsil almaq arzusundadır: "Peşə təhsili Azərbaycanda hər zaman geniş olub. Lakin

peşə təhsili yüksək səviyyəli hesab edilmədiyindən şagirdlər ali məktəblərə qəbulu daha üstün hesab edirlər. Bütün insanlar ali təhsil almalıdır. Elə ölkələr var ki, orada hər kəs ali təhsillidir. Misal üçün Cənubi Koreyada hər il abituriyentlərin 95 faizi ali təhsil müəssisələrində oxuyur. Bu da 4 ildən sonra bütün gənclərin ali təhsilli olması deməkdir. Ali və ya peşə məktəbində təhsil olmaq şagirdlərin müstəqil seçimindən asılıdır. Ola bilər ki, abituriyent ali məktəbi bitirdikdən sonra gedib, hansısa peşə ilə məşğul olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə