Qafqaz Müsəlmanları İdarəsinin sədri İtaliyada dini liderlərin beynəlxalq tədbirində iştirak edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyanın paytaxtı Romanın simvolu sayılan Kolizeyin yaxınlığındakı “Zəfər tağı”nın qarşısında keçirilən və dünyanın müxtəlif ölkələrindən dini liderlərin qatıldığı beynəlxalq tədbirdə fəxri qonaq qismində iştirak edib. SİA xəbər verir ki, İtaliyanın “Sant'Egidio” katolik icmasının “Sülhə cəsarət edin” şüarı ilə təşkil etdiyi beynəlxalq dialoq və sülh üçün dua görüşü tədbirlər proqramının yekunu olaraq baş tutan bu mərasimdə müsəlman dini liderləri arasında təkcə şeyxülislam Allahşükür Paşazadə və Misirin Əl-Əzhər şəhərinin böyük imamı, Müsəlman Ağsaqqallar Şurasının sədri, Əl-Əzhər şeyxi Əhməd Əl-Tayyib iştirak ediblər.

Tədbirdə çıxış edən Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo sülhün müqəddəsliyini vurğulayıb: “Bəsdir müharibələr, onların əzablı ölümləri, dağıntıları, sürgünləri... Müharibə heç vaxt müqəddəs deyil, yalnız sülh müqəddəsdir, çünki onu Allah istəyir! Biz elə etməliyik ki, tarixin müharibə və güc təkəbbürlülüyü ilə yadda qalan bu dövrü tezliklə başa çatsın və yeni bir tarix başlasın”.

Pontifik dindən sui-istifadə hallarının qəbuledilməz olduğunu, insanları müharibəyə sürükləmək istəyənlərin, sülh istəməyənlərin və münaqişələri qızışdıranların bunu hesabını verəcəyini bildirib.

Daha sonra “Sant'Egidio” İcmasının rəhbəri Marko İmpalyazzo, eləcə də din xadimləri və alimlərin çıxışları dinlənilib.

Sayca 39-cu dəfə baş tutan beynəlxalq görüş dövrümüzün ən vacib və həssas problemlərini - dinc yanaşı yaşama, həmrəylik və sülhün yeni vizyonlarını qurmaq və müzakirə etmək üçün böyük dinlərin, mədəniyyətlərin, vətəndaş cəmiyyətlərinin və siyasi dairələrin nümayəndələrini bir araya gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə