"Prezidentin regionlara səfərləri balanslı inkişafın göstəricisidir" - ŞƏRH EDİLDİ

"Prezident İlham Əliyevin Cəbrayıl, Sabirabad, İmişli və Zəngilana səfərləri dövlətin regional inkişaf siyasətinin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirildiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, bu səfərlər təkcə iqtisadi və infrastruktur layihələrinin açılışı ilə məhdudlaşmır, həm də dövlət başçısının ölkənin hər bir bölgəsinə eyni diqqət və qayğını göstərmək prinsipinin bariz ifadəsidir: "Prezidentin regionlara səfərləri həm siyasi, həm də sosial mesaj daşıyır. Bu səfərlər insanlarla birbaşa təmasın, vətəndaş məmnunluğunun təmin olunmasının vacibliyini göstərir. Dövlət başçısı bölgələrdə həyata keçirilən layihələrin gedişi ilə şəxsən tanış olur, yerli icmaların problemlərini birbaşa yerində dinləyir. Bu isə dövlət idarəçiliyinin çevikliyini və məsuliyyətini artırır. Xüsusilə Zəngilan və Cəbrayıl səfərləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərinin sürətləndirilməsi istiqamətində mühüm mərhələdir. Burada yeni infrastruktur layihələrinin icrası, sənaye və kənd təsərrüfatı potensialının bərpası ölkənin iqtisadi xəritəsinin yenidən formalaşmasına xidmət edir.

Sabirabad və İmişliyə səfərlər isə hökumətin kənd təsərrüfatı və su təsərrüfatı sahələrində həyata keçirdiyi islahatların uğurlu nəticəsini göstərir. Prezidentin bu bölgələrdə yeni sosial obyektlərin, yolların, suvarma sistemlərinin açılışında iştirakı həm də regionların davamlı inkişafına dövlət dəstəyinin göstəricisidir. Bu səfərlər Prezident İlham Əliyevin ölkənin hər bir guşəsini eyni strateji əhəmiyyətlə nəzərdən keçirdiyini sübut edir. Bu, mərkəzlə regionlar arasında balanslı inkişafın, vahid dövlət siyasətinin və liderin məsuliyyətli idarəçilik fəlsəfəsinin təcəssümüdür".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə