Bəzi qadınlar alimenti gəlir mənbəyinə çevirməklə,..." - SOSİOLOQ AÇIQLADI

Müasir dövrdə ailə institutunda baş verən dəyişikliklər cəmiyyətin sosial və mənəvi dəyərlərinə birbaşa təsir göstərir. Əvvəllər ailə anlayışı sevgi, etimad və qarşılıqlı hörmət üzərində qurulurdusa, bu gün bəzi hallarda maddi maraqlar ön plana çıxır. Xüsusilə də, bəzi insanlar ailə münasibətlərinə sırf hesabla yanaşır, şəxsi mənafeyini ailə bağlarından üstün tutur. Bu cür yanaşmanın nəticəsində ailələr tez dağılır, uşaqlar isə psixoloji və sosial baxımdan zərər görürlər.

Son illərdə boşanma hallarının artması və aliment məsələlərinin gündəmdə olması da təsadüfi deyil. Aliment sistemi əslində uşağın sosial rifahını qorumaq məqsədi daşısa da, bəzi hallarda bu mexanizmdən sui-istifadə hallarına rast gəlinir. Belə vəziyyətlər isə həm hüquqi, həm də etik baxımdan ciddi narahatlıq doğurur.

Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, bəzi xanım və bəylər arasında bu gün müşahidə olunan bir meyl var: ailə münasibətlərinə səmimi hisslər, qarşılıqlı sevgi və hörmət əsasında deyil, daha çox maddi maraqlar baxımından yanaşmaq.

"Təəssüf ki, bu cür hallar getdikcə artmaqdadır. Xüsusilə, bəzi xanımlar ailə qurarkən gələcək həyat yoldaşının xarakterinə, şəxsiyyətinə deyil, onun maddi vəziyyətinə, gəlir səviyyəsinə və imkanlarına üstünlük verirlər. Belə hallarda münasibət, təbii ki, uzunömürlü olmur. Ailə qurulduqdan qısa müddət sonra bir uşaq dünyaya gəldikdən dərhal sonra boşanma qərarı verilir. Bunun ardınca isə çox vaxt, aliment məsələsi gündəmə gəlir. Qanunvericiliyə əsasən, uşaq atanın maddi dəstəyi ilə təmin olunmalıdır, lakin bəzi hallarda bu prinsip sui-istifadə obyektinə çevrilir. Yəni, uşağın rifahı üçün nəzərdə tutulan aliment məbləği ananın şəxsi xərclərinə yönəldilir və uşaq həmin vəsaitdən lazımi qaydada faydalana bilmir.

Şübhəsiz ki, aliment məbləğinin artırılması ilk baxışdan sosial ədalətin bərpası kimi görünsə də bəzən bu bəzi şəxslər üçün “fürsət” yaradır. Belə ki, bəzi qadınlar alimenti gəlir mənbəyinə çevirməklə, bu mexanizmdən məqsədyönlü şəkildə faydalanmağa çalışırlar. Bu isə həm hüquqi, həm də mənəvi baxımdan ciddi problemdir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə