“MİDA layihəsi vətəndaşların hər biri üçün əlçatan deyil” - EKSPERT RƏYİ

“MİDA hər il satışa güzəştli mənzillər çıxardıqda yaranan problem satışa çıxarılan mənzil sayı ilə alıcı sayı arasındakı fərqdən irəli gəlir. Təhlillər göstərir ki, aradakı nisbət on dəfələrlə ölçülür. Yəni müraciət edənlərin sayı həddindən artıq çoxdur, mənzil sayı isə azdır”. Bu sözləri SİA-ya açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.

O bildirib ki, tələbin yüksək olması sözgedən problemlərə gətirib çıxarır: “Təbii ki, bu məsələdə məlumatsızlıqdan yaranan problemlər də mövcuddur. Amma problemin yüksək hissəsi Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən satışa çıxarılan mənzillərə tələbin daha yüksək olmasından irəli gəlir. Artıq bu layihə respublikanın regionlarına doğru genişlənməyə davam edir. Bu baxımdan hesab edirəm ki, növbəti illərdə tədricən mənzil sayı artarsa, vətəndaşların növbəlilik prinsipi ilə mənzil əldə etmək şansı artacaq. Hazırda isə bir mənzilə 100 nəfər sifariş verir, onların arasından isə daha çevik addım atan şəxs mənzilə sahib olur. Bu mənada MİDA layihəsi aktualdır, amma təəssüf ki, vətəndaşların hər biri üçün əlçatan deyil.

Bəzi hallarda vətəndaşlar müəyyən kateqoriyalardan olan insanların az gəlirlə mənzil edə bilməsi, amma bununla bərabər də maaşı yüksək şəxslərin mənzil ala bilməməsindən narazılıq edirlər. Yaranan problemlərin bir hissəsi ictimai fikirlərin daha da dərinləşməsinə təsir göstərir. İnsanlar öz maddi imkanlarını qiymətləndirmədən qarşı tərəfi günahlandırmağa üstünlük verirlər. Təbii ki, prosesdə şəffaflığın artması çox yaxşı olardı və il keçdikcə də biz bunu müşahidə edirik. Amma neqativ fikirlər də daim olacaq. Çünki bu cür ictimai xarakterli layihələrdə daim vətəndaş narazılığı müşahidə edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə