"Ana südü uşağın gələcək sağlamlığını qoruyur" - PEDİATR AÇIQLADI

"Ana südü təkcə qida deyil — həyatın ilk peyvəndi, uşağın beyin və immun sisteminin təməlini qoyan canlı bir məhluldur". Bu barədə SİA-ya açıqlamasında pediatr Elşən Tağıyev deyib.

"Uzunmüddətli təsirləri: Ana südü daha güclü immun sisteminə malikdir: "Ana südündəki immunoqlobulinlər, lizozim və laktoferrin uşağı gələcəkdə allergiya, astma, diabet və piylənmə riskindən qoruyur. Zehni inkişaf üstünlüyü baxımından da önəmlidir. DHA və araxidon turşusu kimi yağ turşuları sayəsində ana südü ilə qidalanan uşaqların IQ səviyyəsi və yaddaş funksiyaları daha yaxşı olur.

Ürək və metabolik sağlamlıq üçün də faydalıdır. Uşaqlıqda təbii qidalanma gələcəkdə hipertoniya, piylənmə və insulin müqavimətinə qarşı qoruyucu təsir göstərir. Bağırsaq mikroflorası üçün əvəzsizdir. Ana südündəki prebiotiklər (oligosaxaridlər) sağlam bağırsaq bakteriyalarını gücləndirir və bu, immunitetin əsas dayağıdır.

Süni qidalarla müqayisədə ana südü tamamilə fərqli və canlı bir tərkibə malikdir. Süni qidalar laborator şəraitində hazırlanır, sabit tərkiblidir və immun qoruma təmin etmir. Onlar körpənin yaşına uyğun enerji versə də, heç vaxt ana südünün bioloji aktiv komponentlərini əvəz edə bilməz. Ana südü asan həzm olunur, mikroblardan qoruyur, uşağın orqanizminə tam uyğun gəlir və ən əsası — ana ilə körpə arasında emosional bağ yaradır. Süni qidalanmada isə bu təbii təmas azalır, qidalanma daha mexaniki xarakter daşıyır. Ana südü körpə üçün təbiətin mükəmməl reseptidir. O, uşağın bugünkü sağlamlığını qorumaqla yanaşı, gələcək həyat keyfiyyətinin təməlini qoyur"-deyə, pediatr bildirib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə