“Azərbaycan təkcə torpaqları deyil, həm də o torpaqlarda insan həyatını bərpa edir” - ŞƏRH OLUNDU

“Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad, İmişli, Cəbrayıl və Zəngilan üzrə gerçəkləşən səfər çərçivəsində bir sıra açılışlarda, təməlqoyma mərasimlərində iştirak etdi, görülmüş işlərlə tanış oldu və sakinlərlə görüşdü. Bu səfər təkcə obyektlərin istifadəyə verilməsi, infrastrukturun möhkəmləndirilməsi deyil, həm də bölgələrin sosial-iqtisadi inkişafının təşviqi, kənd təsərrüfatı və sənaye potensialının artırılması və vətəndaşla dövlət arasında bilavasitə ünsiyyətin gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.

O bildirib ki, ilk olaraq Sabirabadda səfər zamanı regionun sənaye, kənd təsərrüfatı və emal sahəsinə yönəlmiş layihələrlə tanışlıqla başlandı: “Prezident İlham Əliyev Sabirabad Sənaye Məhəlləsində yerləşən bir sıra müəssisələr — məsələn, “Azera Toxumçuluq MMC” toxum istehsalı müəssisəsi ilə tanış olmuşdur. Bu müəssisə Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə çalışır, ildə 500 ton yonca, 800 ton hibrid qarğıdalı, 350 ton hibrid günəbaxan, 2 000 ton arpa və 2 000 ton buğda toxumu istehsalı gücünə malikdir. Sonrakı dayanacaq “Fırtına Su Sistemləri MMC” idi – su filtrlərinin istehsalı müəssisəsində Çin texnologiyası əsasında ildə 210 000 ədəd filtr və 15 000 ədəd su filtri cihazı istehsalı planlaşdırılır; müəssisə həm daxili bazarı təmin edir, həm də Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixracını nəzərdə tutur. Burada 50 iş yeri yaradılmışdır. Bundan əlavə, Sabirabadda “Taşobası MMC” pambıq emalı zavodu ilə tanışlıq olmuşdur. Layihə dəyəri təxminən 3,3 milyon manat olan bu zavod ildə 8 000 ton mahlıc və 10 000 ton texniki çiyid istehsalı gücünə malikdir. Xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə edilir. Zavodda 80 daimi iş yeri və sezona bağlı olaraq 300 nəfər mövsümi iş yeri yaradılmışdır. Bu layihələr regionun sənaye əsaslarını möhkəmləndirməklə yanaşı, kənd təsərrüfatı ilə əlaqəli emal zonası yaratmaq və yerli əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır.

İmişli rayonuna edilən səfər çərçivəsində Prezident İlham Əliyev “Promalt MMC” arpa emalı müəssisəsinin açılışında iştirak etmişdir. Bu açılış kənd təsərrüfatının emal səviyyəsinin yüksəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və yerli fermer təsərrüfatlarının gəlirliliyinin artırılması istiqamətində atılan mühüm addımdır. Belə layihələr həm əhalinin rifahını gücləndirəcək, həm də regionun iqtisadi profilini zənginləşdirəcək.

Cəbrayıl rayonunda isə səfər çoxşaxəli infrastruktur və sakinlərin məskunlaşması layihələrini əhatə etdi. Prezident İlham Əliyev ilk olaraq Horovlu kəndində birinci mərhələnin açılışında iştirak etmiş, sakinlərə mənzillərin açarları təqdim edilmişdir. Daha sonra Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulmuşdur. Dövlət başçısı həmçinin şəhər məscidinin təməlqoyma mərasimində iştirak etmişdir. Avtomobil yolu vasitəsi ilə “Şəfəq Günəş Elektrik Stansiyası”na bağlantını təmin edən yolun açılışında iştirak etmişdir. Daha bir mühüm addım isə Cəbrayıl rayonunun Şahvəlli kəndində yerləşən “Şəms Günəş Elektrik Stansiyası” və “Üfüq Günəş Elektrik Stansiyası”nın təməlqoyma mərasimidir. Bu layihələr yenidənqurma, bərpa və yaşamaq üçün tələb olunan infrastrukturun formalaşması istiqamətində atılan ciddi addımlardır.

Zəngilan isə səfərin son dayanacağı oldu. Prezident İlham Əliyev Ağalı kəndinin ikinci mərhələsinin və Məmmədbəyli kəndinin açılışında iştirak etdi. Ağalı kəndində 103 yaşayış vahidi—55 ikiotaqlı fərdi ev, 3-cü mərtəbəli iki bloklu “townhouse” tipli binalarda mənzillər, 36 birotaqlı və 12 ikiotaqlı mənzillər inşa edilmişdir. Kənddə bütün evlərə kommunikasiyalar çəkilmiş, qazla təmin edilmiş, evlərdə kombilər quraşdırılmışdır. Həmçinin iki hektardan çox sahədə park salınmış, uşaq, idman və əyləncə zonaları yaradılmışdır. Məmmədbəyli kəndində isə 51,6 hektar sahədə 188 fərdi ev inşa edilmişdir — 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir evin həyətyanı sahəsi olmuş, evlərdə günəş panelləri quraşdırılmış, su, işıq, qaz və yüksək sürətli internet şəbəkəsi ilə təmin edilmişdir. Kənddə iki çoxfunksiyalı qeyri-yaşayış bina inşa edilmişdir; kəndin yolları asfaltlanmışdır. Kəndləri birləşdirən keçid inşa edilmiş, Ağalı-Məmmədbəyli yol infrastrukturu, məktəb (360 şagird yerlik), 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, məişət xidmətləri mərkəzi, aptek və bazar kompleksi fəaliyyət göstərəcəkdir. Ardınca Prezident Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksində görülmüş işlərlə tanış olmuşdur. Kompleks 12 blokdan ibarətdir – 8 ikimərtəbəli, 4 üçmərtəbəli bina – ümumi sahəsi 2 hektara yaxın olan ərazidə yerləşir. Kompleksdə uşaq və idman meydançaları, 6 yerüstü və yeraltı avtomobil dayanacağı, elektromobillər üçün enerjidoldurma məntəqəsi, yeraltı su anbarları və transformator quraşdırılmışdır. Ərazidə yerləşməsi məktəb, bağça və parkın yaxınlığında olaraq, “çoxfunksiyalı zona” prinsipi nəzərə alınmışdır. Bu səfər bölgədə sakinlərin rahat, müasir və təhlükəsiz yaşama şəraitinə malik olması istiqamətində konkret addımların atılması baxımından simvolik olan çoxsaylı mesajları özündə ehtiva edir.

Səfər zamanı Prezident İlham Əliyev həm institutional, həm emal-sənaye, həm infra­struktur yönümlü layihələrin bir-birinin ardınca işlənməsi əsasında bölgələrin sosial-iqtisadi səviyyəsinin qaldırılması strategiyasının həyata keçirildiyini vurğuladı. Sakinlərlə görüşlər zamanı dövlətin vətəndaşlara olan diqqəti və regionların inkişafına olan dərin marağı açıq-aydın hiss olunurdu.

Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilandayerli sakinlərlə görüşünü haqqında onu qeyd etmək olar ki, bu Böyük Qayıdış proqramının canlı təcəssümü kimi mühüm ictimai-siyasi proses idi. Dövlət başçısının sakinlərlə səmimi ünsiyyəti, onların qayğı və arzularına diqqətlə yanaşması, yeni mənzillərin açarlarının sakinlərə təqdim edilməsi ölkə rəhbərliyinin vətəndaş rifahını prioritet kimi müəyyən etdiyini bir daha göstərdi. Bu görüşlərdə Prezident İlham Əliyevinvurğuladığı əsas fikir ondan ibarət idi ki, azad edilmiş torpaqlarda həyatın bərpası təkcə infrastruktur layihələri deyil, həm də sosial ədalətin bərpası, doğma yurda dönüşün icrasıdır. Cəbrayıl və Zəngilanda həyata keçirilən quruculuq işləri dövlətin planlı, məqsədyönlü siyasətinin nəticəsi olaraq sürətlə inkişaf edir. Sakinlərin Prezident İlham Əliyevə minnətdarlığı xalqın bu siyasətə dərin etimadını və dövlət-xalq birliyinin möhkəmliyini əks etdirdi. Bu, həm də Azərbaycanın postmüharibə dövründə öz modelini – ədalətli bərpa və dayanıqlı inkişaf modelini formalaşdırdığını sübut edir. Cəbrayıl və Zəngilanda Prezident İlham Əliyevlə sakinlər arasında baş tutangörüşlər və səmimi dialoq, əslində, Böyük Qayıdışın mənəvi və sosial əsaslarını daha da möhkəmləndirdi. Bu səfər bir daha göstərdi ki, Azərbaycan dövləti təkcə torpaqları deyil, həm də o torpaqlarda insan həyatını, ümidini və gələcəyini bərpa edir.

Ümumilikdə, səfərdən regionların sənaye potensialının, kənd təsərrüfatı emal gücünün artırılması. məskunlaşma layihələrinin intensivləşdirilməsi, kənddən şəhərə miqrasiya axınının qarşısının alınması, yerlərdə yaşamağın stimullaşdırılması, infrastrukturun-yol, avtomobil dayanacaqları, park, bağça, məktəb, xidmət mərkəzləri-formalaşdırılması, ekoloji və alternativ enerji komponentlərinin (günəş panelləri, elektromobil enerjidoldurma məntəqələri) layihələrə daxil edilməsi, dövlət ilə vətəndaşlar arasında birbaşa dialoqun və əlaqənin gücləndirilməsi kimi məqamlar xüsusilə önə çıxdı. Bu məqamlar yalnız bir günün fəaliyyətləri deyil, gələcək illər üçün sabit və planlı inkişafın göstəricisidir. Qeyd etmək lazımmdır ki, bugünkü reallıq onu göstərir ki, ölkə rəhbərliyi bölgələrin inkişafını davamlı prioritet kimi qəbul edib və bu səfər bu yanaşmanın praktiki ifadəsinə çevrilmişdir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə