Azərbaycan və tacik xalqları arasında tarixi və mədəni bağlılıq qədim köklərə malikdir

Tacikistan Respublikasının Azərbaycan Respublikasında səfiri İlxom Abduraxmon, Tacikistan Milli Muzeyinin direktor müavini Naimzoda Dilorom və səfirliyin bir qrup əməkdaşı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib. Ədəbiyyat Muzeyindən SİA-ya bildirilib ki, qonaqlar əvvəlcə muzey ekspozisiyası ilə tanış olublar. Muzeyin böyük elmi işçisi Gülnar Əqiq qonaqlara eksponatlar barədə ətraflı məlumat verib.

Sonra qonaqlar Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovla görüşüblər.

Görüş zamanı akademik Rafael Hüseynov Azərbaycan və Tacikistan arasında əlaqələrin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, Azərbaycan və tacik xalqları arasında tarixi və mədəni bağlılığın qədim köklərə malik olduğunu, son dövrlərdə isə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirib. Qeyd edib ki, 1992-ci ildə əsası qoyulmuş Azərbaycan-Tacikistan diplomatik əlaqələri 2007-ci ildə Azərbaycan Respublikasının Düşənbədə, 2008-ci ildə isə Tacikistan Respublikasının Bakıda səfirliklərinin açılması ilə daha da inkişaf edib. Ötən onilliklər ərzində Azərbaycan və tacik xalqları arasında dostluq və əməkdaşlıq əlaqələri dövlət başçılarının və rəsmi hökumət nümayəndələrinin qarşılıqlı səfərləri ilə də müşayiət olunub, Azərbaycan Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rahmon arasında dəfələrlə görüşlər keçirilib, bu görüşlərin nəticəsində ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Bəyannaməsi və digər mühüm sənədlər imzalanıb.

Akademik Rafael Hüseynov 2024-cü il mayın 23-də Prezident İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rahmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış edərkən söylədiyi - “Qarşılıqlı fəaliyyətimizin əsasında çoxəsrlik tarix boyu əməkdaşlıq etmiş, dost olmuş, birlikdə qurub-yaratmış xalqlarımızın iradəsi dayanır. Bu gün dövlətlərarası münasibətlərimiz ən yüksək səviyyəyə çatıb”, - sözlərini xatırladıb.

O, qonaqlara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin binası haqqında da məlumat verərək bildirib ki, muzeyin ən möhtəşəm salonu Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə “İstiqlal” adını daşıyır. Muzeyin ekspozisiyası təkcə Azərbaycan ədəbiyyatının zəngin və qədim mədəniyyətini əks etdirmir, eyni zamanda, xalqımızın milli kimliyinin dünyada tanınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Görüşdə Tacikistanın səfiri İlxom Abduraxmon iki ölkə arasında dostluq münasibətlərinin bu yaxınlarda parlamentlərarası işçi qrupunun yaradılması ilə daha geniş vüsət aldığını vurğulayıb.

Tacikistan Milli Muzeyinin direktor müavini Naimzoda Dilorom isə muzeydə Azərbaycan xalqının zəngin ədəbiyyatı və mədəni abidələri ilə tanışlıqdan böyük zövq aldığını bildirib.

Qonaqlar öz təəssüratlarını muzeyin rəy kitabına yazdıqları sözlərlə ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə