"ZəfərFest-5" yaradıcılıq festivalı keçiriləcək

Noyabrın 6-da Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş "ZəfərFest-5" yaradıcılıq festivalı keçiriləcək. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan festival artıq beşinci ildir ki, təşkil olunur. "ZəfərFest" hər il məktəblilərin və gənclərin vətənpərvərlik ruhunun və yaradıcılıq potensialının nümayişi üçün mühüm platforma rolunu oynayır.

Festivalın əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla anmaq, Azərbaycan Ordusunun şanlı zəfəri və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan mübarizənin mahiyyəti barədə uşaq və gəncləri məlumatlandırmaqdır.

Tədbir, həmçinin, Vətən müharibəsində əldə edilmiş tarixi nailiyyətlərin, ordumuzun qəhrəmanlığının və bu zəfərin bütövlükdə türk dünyasının qələbəsi kimi əhəmiyyətinin gənc nəslə aşılanmasını nəzərdə tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə