"Elektron kitabların yayılması ənənəvi kitaboxuma vərdişini zəiflədir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Mütaliəyə olan marağın azalmasının başlıca səbəblərindən biri həyatımıza internetin daxil olmasıdır. İnternet dövründən əvvəl insanlar boş vaxtlarında əsasən televizora baxır, radio dinləyir və ən əsası kitab oxuyurdular. Lakin internetin, daha sonra isə smartfonların və sosial şəbəkələrin geniş yayılması ilə bu tendensiya dəyişdi. Artıq insanlar boş vaxtlarını sosial media, oyunlar və digər əyləncələrlə doldururlar”. Bu sözləri SİA-ya açıqlamasında əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki, sosial şəbəkələr, yəni “Facebook”, “Instagram”, “TikTok”, “WhatsApp” və digərləri insanların vaxtının böyük bir hissəsini əhatə edir: “Bu da mütaliə üçün vaxt buraxmır. Üstəlik, internetdə təqdim olunan geniş informasiya bolluğu (xəbərlər, ədəbiyyat, film və s.) kitab oxuma ehtiyacını da arxa plana keçirir. Elektron kitabların yayılması ənənəvi kitaboxuma vərdişini zəiflədir.

Bütün bunlara baxmayaraq, hələ də mütaliəni sevən insanlar var. Həm yaşlı, həm də gənc nəsil arasında kitab oxuyanlara rast gəlmək mümkündür. Lakin əvvəlki illərlə müqayisədə bu say xeyli azalıb. Ən böyük narahatlıq isə odur ki, gələcək nəsillər artıq kitabı bir kənara qoyacaq və yalnız virtual məkanda həyatlarını quracaqlar. Bütövlükdə mütaliənin zəifləməsinin əsas səbəbi internetin və sosial medianın həyatımıza dərin şəkildə daxil olması, insanların boş vaxtlarının demək olar ki, tamamını virtual mühitdə keçirməsidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə