Valideynləri övladlarını özəl məktəblərə yönəldən əsas səbəblər nələrdir? -TƏHSİL EKSPERTİ DANIŞDI

Valideynləri övladlarını özəl məktəblərə yönəldən əsas səbəblər nələrdir? -TƏHSİL EKSPERTİ DANIŞDI

"Özəl məktəblərə valideynlərin marağı ildən-ilə artır. Bunu həmin məktəblərə qəbul imtahanlarında iştirak edən şagirdlərin sayında da görmək mümkündür. Bir dəfə özəl məktəblərdən birində qəbul imtahanları zamanı həyətə nə qədər çox şagird namizədin axın etdiyinin şahidi olmuşam. Təbii ki, onların yalnız müəyyən hissəsi məktəbə qəbul ola bilir, digərləri isə təhsillərini başqa məktəblərdə davam etdirirlər".

Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.

O bildirib ki, bəzi özəl məktəblərdə bir yer uğrunda 40-50 şagirdin namizəd kimi mübarizə apardığı hallar var. Bu, kifayət qədər ciddi göstəricidir. Məsələn, 50 yer ayrılıbsa və hər yerə 40 namizəd düşürsə, ümumilikdə 2000 nəfər müraciət edir və onların yalnız 50-si qəbul olunur:

"Ümumiyyətlə, dövlət və özəl məktəblər arasında tədris yanaşması və təhsil metodları baxımından müəyyən fərqlər var. Xarici proqramların tətbiqi, təfəkkürə və şagirdə yönəlmiş təhsil metodları, analitik düşüncənin inkişafına diqqət kimi məsələlər bəzi özəl məktəblərdə daha qabarıq şəkildə özünü göstərir. Bu gün əsl təhsilin necə qurula biləcəyini bəzi özəl məktəblərin nümunəsində görmək mümkündür. Xüsusi proqramlar və fərqli yanaşmalar vasitəsilə şagirdlərin düşünmə qabiliyyətinə, analitik təfəkkürünə və fərdi inkişafına yönəlmiş təhsil həyata keçirilir. Təəssüf ki, bu yanaşmalar hələlik əsasən bəzi özəl məktəblərdə müşahidə olunur. Eyni zamanda, bütün özəl məktəblərin də bu baxımdan eyni səviyyədə olduğunu söyləmək olmaz.

Digər mühüm məsələ özəl məktəblərin sayının az olmasıdır. Məndə olan məlumata görə, ölkədə təxminən 30 özəl məktəb fəaliyyət göstərir və onların böyük əksəriyyəti paytaxtda yerləşir. Bəzi məktəblərin regionlarda filiallarının olması mümkündür, lakin bununla bağlı dəqiq statistikam yoxdur. Ümumilikdə isə regionlarda özəl məktəblərin sayının kifayət qədər az olduğu görünür.

Qiymət məsələsi də özəl məktəblərə çıxış imkanlarını məhdudlaşdıran əsas amillərdəndir. Təhsil haqları kifayət qədər yüksəkdir və bu da valideynlərin seçimlərinə təsir göstərir. Regionlarda sosial-iqtisadi vəziyyətin fərqli olduğunu nəzərə alsaq, həmin ərazilərdə özəl məktəblərin yaradılmasına marağın artırılması üçün müəyyən stimullaşdırıcı mexanizmlərə ehtiyac var.

Bu gün özəl məktəb açmaq və ya fəaliyyətini genişləndirmək istəyən şəxslər üçün müəyyən vergi güzəştləri və digər stimullaşdırıcı tədbirlər tətbiq oluna bilər. Belə güzəştlər məktəblərin xərclərinin azalmasına, nəticə etibarilə isə təhsil haqlarının müəyyən qədər aşağı salınmasına imkan yarada bilər.

Bəzən kənardan özəl məktəblərin fəaliyyəti ilə bağlı təsəvvürlər fərqli olur. Lakin özəl məktəb rəhbərləri və sahibləri ilə söhbətlər zamanı bu sahədə müəyyən çətinliklərin və pərdəarxası problemlərin də mövcud olduğu görünür. Ona görə də özəl məktəblərlə bağlı yalnız kənardan formalaşan təsəvvürlərə əsaslanmaq düzgün deyil. Bu sahənin inkişafı üçün həm məktəblərin, həm də dövlətin qarşısında müəyyən məsuliyyət və vəzifələr dayanır:.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə