“İmtahanın çətinliyi keçid ballarının formalaşmasına birbaşa təsir göstərir” -EKSPERT DANIŞDI

“İmtahanın çətinliyi keçid ballarının formalaşmasına birbaşa təsir göstərir” -EKSPERT DANIŞDI

“Keçid ballarının formalaşmasına təsir edən əsas amillərdən biri qəbul imtahanlarının çətinlik səviyyəsidir. İmtahan nə qədər çətin olarsa, bu, ümumi nəticələrə və dolayısı ilə keçid ballarına təsir göstərə bilər. Lakin qeyd etmək lazımdır ki, Dövlət İmtahan Mərkəzinin (DİM) tətbiq etdiyi qəbul sistemində keçid balları əvvəlcədən müəyyənləşdirilmiş sabit göstəricilər deyil. Onlar hər il müsabiqənin nəticələrinə əsasən formalaşır və qəbul olunan sonuncu abituriyentin topladığı bala uyğun müəyyən edilir”.
Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlar Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov bildirib.

Onun sözlərinə görə, keçid balının formalaşmasına əsasən iki amil təsir edir: ayrılan plan yerlərinin sayı və həmin il imtahan verən abituriyentlərin nəticələri:

”İmtahan çətin olduqda yüksək bal toplayanların sayı azalır, ümumi orta nəticə aşağı düşür və bu da bir çox ixtisas üzrə müsabiqənin xarakterinə təsir edir.

Belə hallarda, adətən, 500–600 bal və daha yüksək nəticə göstərən abituriyentlərin sayı azalır. Nəticədə bir çox ixtisas üzrə rəqabət nisbətən zəifləyir və bu, keçid ballarının aşağı düşməsi ilə nəticələnə bilər.

Bununla belə, imtahanın çətinliyi bütün ixtisaslara eyni səviyyədə təsir göstərmir. Məsələn, tibb, informasiya texnologiyaları və digər yüksək reytinqli ixtisaslarda ciddi enmə gözlənilmir. Çünki həmin ixtisaslara ən yüksək nəticə göstərən abituriyentlər müraciət edir və onlar çətin imtahan şəraitində belə yüksək bal toplamağa nail olurlar. Belə ixtisaslarda keçid ballarında nisbətən məhdud dəyişiklik müşahidə oluna bilər.

Orta reytinqli ixtisaslarda, o cümlədən müəllimlik, mühəndislik və iqtisadiyyat istiqamətlərində isə ümumi nəticələrin aşağı düşməsi keçid ballarına daha çox təsir edə bilər. Çünki bu sahələr üzrə müsabiqədə iştirak edənlərin sayı çox olur və nəticələrin ümumi azalması keçid ballarında daha nəzərəçarpan dəyişiklik yaradır.

Ödənişli ixtisaslar və bəzi region universitetlərində isə imtahanın xüsusilə çətin olduğu illərdə plan yerlərinin tam dolmaması ehtimalı da mövcuddur. Bu halda həmin ixtisaslar üzrə keçid balları əvvəlki illərlə müqayisədə daha aşağı formalaşa bilər.

Bununla yanaşı, yalnız imtahanın çətinliyinə əsaslanaraq keçid ballarının mütləq aşağı düşəcəyini söyləmək doğru olmaz. Burada digər amillər də mühüm rol oynayır. Məsələn, hər hansı ixtisas üzrə plan yerlərinin azaldılması rəqabəti artırdığı üçün, imtahan çətin keçsə belə, keçid balı yüksələ bilər.

Digər mühüm məqam isə fənlər üzrə nəticələrdir. Əgər müəyyən fənlər üzrə nəticələr kütləvi şəkildə aşağı olarsa, həmin fənlərin xüsusi çəkisinin yüksək olduğu ixtisas qruplarında keçid ballarına təsir daha qabarıq hiss edilə bilər. Digər qruplarda isə bu təsir nisbətən zəif ola bilər.

İmtahanın çətin keçməsi abituriyentlərdə təşviş yaratmamalıdır. Çətinlik fərdi deyil, bütün iştirakçılar üçün eyni şəraitdə olur. Əgər ümumi nəticələr aşağı düşübsə, bu, müsabiqənin də həmin nəticələrə uyğun formalaşacağı anlamına gəlir. Buna görə də qəbul şansını qiymətləndirərkən yalnız topladığı bala deyil, müsabiqədə tutduğu yerə və DİM-in açıqladığı rəsmi statistik göstəricilərə diqqət yetirmək daha məqsədəuyğundur.

İxtisas seçimi mərhələsində isə yalnız Dövlət İmtahan Mərkəzinin rəsmi məlumatlarına və müsabiqə statistikalarına əsaslanmaq vacibdir. Çünki eyni bal müxtəlif illərdə fərqli sıralama göstəricisi verə bilər. Məsələn, əvvəlki illə müqayisədə daha çətin imtahan keçirilən ildə eyni bal toplayan abituriyent daha yüksək sıralamada qərarlaşa və nəticədə daha prestijli ixtisasa qəbul olmaq imkanı əldə edə bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə