GEANT-ın Baş Assambleyasının iclasında kvant İnternetin yaradılması perspektivləri diqqət mərkəzində olub
AMEA-nın vitse-prezidenti, ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Finlandiyanın Helsinki şəhərində keçirilən Avropa elm və təhsil şəbəkələrinin TNC26 beynəlxalq konfransında iştirak edib.
SİA xəbər verir ki, GEANT Assosiasiyasının təşkilatçılığı ilə keçirilmiş konfrans dünyanın 70-dən çox ölkəsindən 950-dən artıq nümayəndəni bir araya gətirib. Beş gün davam edən tədbirdə rəqəmsal suverenlik, kibertəhlükəsizlik, süni intellekt, kvant texnologiyaları, identifikasiya və autentifikasiya sistemləri kimi aktual istiqamətlər üzrə plenar iclaslar və paralel sessiyalar keçirilib.
Konfrans çərçivəsində akademik Rasim Əliquliyev yalnız üzv ölkələrin rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən GEANT Assosiasiyasının 39-cu Baş Assambleyasının iclasına qatılıb. İclasda Assosiasiyanın maliyyə və strateji idarəetmə məsələləri, 2025-ci ilin yekunları, GN5-2 layihəsinin icra vəziyyəti, GEANT-ın 2026-2030-cu illər üzrə inkişaf strategiyası müzakirə olunub.
Akademik Rasim Əliquliyev, həmçinin TNC26 çərçivəsində təşkil olunan məsul şəxslər sessiyasında iştirak edib. Sessiyada Avropa və digər ölkələrin aparıcı milli elm və təhsil şəbəkələrinin rəhbərləri, habelə aparıcı texnologiya qurumlarının nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində kvant texnologiyalarının inkişaf perspektivləri, milli elm və təhsil şəbəkələrinin kvant şəbəkələrin formalaşdırılmasında rolu, mövcud qlobal çağırışlar və beynəlxalq təcrübə üzrə geniş müzakirələr aparılıb.
Konfrans çərçivəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə bir sıra görüşlər də keçirilib. GEANT Assosiasiyasının Tərəfdaşlarla Əlaqələr üzrə baş meneceri İrina Matthews ilə baş tutan görüşdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
TÜBİTAK-ın ULAKBIM (Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzi) qurumunun direktoru Mehmet Mirat Satoğlu və direktor müavini Hayrettin Bucak ilə keçirilən görüşdə kvant texnologiyaları sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Görüş zamanı TÜBİTAK və Avropa İttifaqının dəstəyi çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universiteti tərəfindən kvant texnologiyalarının inkişafı istiqamətində mühüm addımların atıldığı, bu sahədə tədqiqat və infrastruktur imkanlarının formalaşdırılmasına yönəlmiş layihələrin həyata keçirildiyi vurğulanıb.
Lüksemburq Elm və Texnologiya İnstitutunun rəsmi təmsilçisi Florian Kayzer ilə keçirilən görüşdə isə kvant texnologiyaları və kvant İnterneti istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin Avropanın aparıcı təşəbbüslərindən biri olan Kvant İnternet Alyansı platforması ilə əməkdaşlıq perspektivləri və Azərbaycanın bu təşəbbüsə qoşulma imkanları müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB