SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) növbəti “Məzun günü” keçirilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu, ali məktəbin 9-cu buraxılışıdır.
Tədbirin açılışını edən rektor Elmar Qasımov məzunları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, builki məzunlar SOCAR-ın və ölkənin müxtəlif sənaye müəssisələrində, xarici şirkətlərdə, həmçinin özəl və dövlət qurumlarında çalışmağa başlayıblar. Onlar, eyni zamanda, dünyanın nüfuzlu universitetlərinə qəbul olaraq təqaüdlər qazanır və təhsillərini davam etdirirlər.
Əldə olunan nailiyyətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizinin bariz nümunəsi olduğunu təsdiqləyir.
Rektor Elmar Qasımov vurğulayıb ki, BANM bütün məzunlara diplomları ənənəvi olaraq məhz “Məzun günü”ndə təqdim etməyə davam edir.
SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva çıxışında məktəbin tələbələrə yüksəkkeyfiyyətli təhsil verməklə yanaşı, onların işlə təminatına da xüsusi diqqət yetirildiyini söyləyib.
2024/2025-ci tədris ilində Bakı Ali Neft Məktəbinin bakalavriat səviyyəsindən 148, magistratura səviyyəsindən 172 nəfər olmaqla, ümumilikdə 320 tələbə məzun olur. Onlardan 52-si fərqlənmə diplomu ilə bitirir, 142 nəfəri xanımdır. Məzunların 24 nəfəri isə SOCAR-ın Gənc İstedadlar Proqramının iştirakçısıdır.
Vurğulanıb ki, “Times Higher Education (THE) Impact Rankings 2025” nəticələrinə əsasən, BANM bu nüfuzlu reytinqdə ilk dəfə iştirak etməsinə baxmayaraq, yüksək nəticə əldə edib.
Elm və təhsil nazirinin müavini İdris İsayev məzunları təbrik edərək bildirib ki, BANM qısa müddətdə ölkənin əsas ali təhsil müəssisələrindən birinə çevrilib.
Daha sonra kimya mühəndisliyi ixtisasının məzunu, ali məktəb ikincisi İlkanə Mehdiyeva və Aqşin Yusifzadə çıxış ediblər. Hər iki məzun müəllimlərinə və valideynlərinə təşəkkür edib, ölkəyə və cəmiyyətə faydalı olacaqlarına söz veriblər.
2025-ci il məzun buraxılışı üzrə ali məktəbin birincisi - “İlin tələbə”si, informasiya təhlükəsizliyi ixtisasının məzunu İsmayıl Məmmədzadə adını fəxri kötüyə həkk edib.
Ali məktəbi fərqlənmə ilə bitirən məzunlara, ixtisas birincilərinə, sonra hərbi xidmətə yollanacaq məzunlara diplomlar verilib. Diplomları təqdim edənlər sırasında Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey də yer alıb. Xanım səfir məzunlara uğurlar arzulayıb.
Məzunların diplomlarının təqdimatından sonra tədbir bədii hissə ilə davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə