“Kodlaşdırma xidməti zəruri olmadıqca istifadə edilməməlidir" - EKSPERT AÇIQLADI

“Kodlaşdırma xidməti zəruri olmadıqca istifadə edilməməlidir. Bu məsələyə iki əsas istiqamətdən yanaşmaq lazımdır. Birinci istiqamət – ixtisas seçimi və kodlaşdırma prosesi – mənim şəxsən üzərində çalışdığım və illərdir tətbiq etdiyim metoddur”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.

Elmin Nuri sözlərinə belə davam edib: “Əvvəla, kodlaşdırma sadəcə bir neçə ixtisasın siyahıya alınması və 15 dəqiqəyə formanın doldurulması deyil. Bu, abituriyentin və gələcək tələbənin həyat yolunu, peşəkar karyerasını formalaşdırmaq üçün atılan mühüm və strateji addımdır. Əgər bu proses səthi yanaşma ilə həyata keçirilərsə, nəticədə gəncin gələcəyi təsadüfi seçimlərlə risk altına düşə bilər.

Peşəkar yanaşma ilk növbədə konsultasiya mərhələsini tələb edir. Bu məsləhət prosesi minimum 1–2 saat çəkməlidir. Konsultasiya zamanı abituriyentin şəxsiyyət xüsusiyyətləri, maraqları, bacarıqları və gələcəyə dair hədəfləri nəzərə alınmalı, düzgün istiqamət təyin edilməlidir. Bu mərhələdən sonra abituriyent üçün tam mənzərə aydın şəkildə qurulmalı və məhz bu əsasa əsaslanaraq ixtisasların kodlaşdırılması həyata keçirilməlidir. Əgər bu proses yalnız formal yanaşma ilə aparılırsa, bu zaman kodlaşdırma xidmətinə ehtiyac yoxdur. Çünki bu halda konsultant sadəcə texniki bir funksiyanı yerinə yetirir və işin mahiyyətindən uzaq olur. Əslində isə kodlaşdırma, abituriyentin gələcək həyatında mühüm rol oynayan qərarların təməlini təşkil edir.

Təəssüf ki, bəzi hallarda bu prosesin mahiyyətini bilməyən şəxslər – qeyri-peşəkar, təhsildən uzaq insanlar – bu sahəyə yalnız gəlir mənbəyi kimi yanaşır və bu da ciddi fəsadlara yol açır. Bu cür yanaşma həm abituriyentlərin gələcəyini təhlükə altına atır, həm də cəmiyyət üçün narahatlıq doğurur. Nəticə etibarilə, kodlaşdırma və ixtisas seçimi ciddi və fərdi yanaşma tələb edən bir prosesdir. Bu işi yalnız bu sahədə təcrübəsi və məsuliyyəti olan peşəkarlar həyata keçirməlidir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə