Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşib. Müsabiqənin işçi qrupundan SİA-ya bildirilib ki, yarımfinal mərhələsinin nəticələrinə əsasən, 124 namizəd final mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə ümumilikdə 329 iştirakçı idarəetmə bacarıqlarını sınamaq imkanı əldə edib.
Finalçılar arasında 79 nəfər Bakıdan, 45 nəfər isə regionlardan qatılan namizədlərdir. Onlardan 99-u kişi, 25-i qadındır. Seçilmiş finalçılar dövlət, özəl və beynəlxalq şirkətlərdə, eləcə də qeyri-hökumət təşkilatlarında çalışan peşəkarları təmsil edir.
Yarımfinal mərhələsində iştirakçılara 12 fərqli keys təqdim olunub. Namizədlər 4 müxtəlif komanda quruluşu əsasında bu tapşırıqlar üzərində çalışaraq müxtəlif səriştə bacarıqlarını nümayiş etdiriblər. Hər bir iştirakçı 2 gün ərzində 8 fərqli ekspert tərəfindən qiymətləndirilib. Bu yanaşma şəffaf və çoxşaxəli qiymətləndirməni təmin edib.
Qiymətləndirmə prosesində ümumilikdə 92 ekspert iştirak edib. Onların fəaliyyətini əlaqələndirmək və mərhələnin effektiv idarəsini təmin etmək məqsədilə işçi qrupundan 5 nəfər koordinator rolunda çıxış edib.
Final mərhələsinə keçid üçün minimal bal 16 olaraq müəyyən edilib.
Müsabiqənin final mərhələsi iyulun 18–20-də Bakı Ekspo Mərkəzində keçiriləcək. Bu mərhələdə iştirakçılar “İdarəçi rollar modeli” üzrə yeni situasiyaları həll etməklə bilik və bacarıqlarını bir daha nümayiş etdirəcək və qalibiyyət uğrunda mübarizə aparacaqlar.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən, intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Dövlətimizin başçısı 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə