AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçiriləcək
AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 2025-ci il 25 aprel tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb. Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.
Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, “Əkinçi” qəzetindən başlayan milli mətbuatımız ötən 150 il ərzində şanlı və şərəfli yol keçib, ölkəmizin ictimai-siyasi və mədəni həyatında yaxından iştirak edib, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafında və xalqımızın maarifləndirilməsində müstəsna xidmətlər göstərib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, ötən əsrin sonlarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin bərqərar olması üçün etibarlı zəmin yaradıb. Son illərdə isə Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti çərçivəsində Azərbaycan mətbuatı öz inkişafını ən yüksək səviyyədə təmin edib, Vətən müharibəsi ərzində mediamız haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında, saxta məlumatların ifşasında xüsusi fəaliyyəti ilə seçilib. Akademik İsa Həbibbəyli vurğulayıb ki, mütəmadi olaraq ölkəmizdə informasiya resurslarının maddi-texniki bazasının gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində əməli addımlar atılır.
AMEA-da da ictimaiyyətlə əlaqələr işinin təşkilinə xüsusi diqqət yetirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin fəaliyyətinin seçildiyini, şöbə tərəfindən 3 dildə informasiyanın mütəmadi olaraq cəmiyyətə və dünyaya təqdim edildiyini vurğulayıb. AMEA-nın elmi müəssisə və təşkilatlarının İctimaiyyətlə əlaqələr şöbələrində isə fəaliyyətin yenidən təşkilinə və genişləndirilməsinə ehtiyac olduğunu bildirən akademik İsa Həbibbəyli informasiyaların ictimaiyyətə operativ çatdırılması və bir neçə dildə məlumatın təqdim edilməsinin zəruriliyini vurğulayıb və bu istiqamətdə institut direktorlarına müvafiq tapşırıqlarını verib.
İclasda dövlətimizin başçısının Sərəncamının icrasını təmin etmək məqsədilə AMEA-da Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilməsi qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə