Vəkilliyə namizədlər üçün test imtahanı keçirilir

Bakıda Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbul üzrə növbəti ixtisas imtahanının test mərhələsi keçirilir. SİA xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron İmtahanlar Korpusunda, saat 10:00-dan etibarən elektron formatda başlayıb və 3 saat davam edəcək.

DİM və Azərbaycan Respublikası VK-nın birgə təşkilatçılığı ilə keçirilən imtahanda iştirak üçün ümumilikdə 421 namizəd müraciət edib. Namizədlərə hüququn müxtəlif sahələrini əhatə edən hər biri 1 balla qiymətləndirilən 100 test sualı təqdim olunub, keçid balı isə 60-dır.

Nəticələr imtahan bitdikdən dərhal sonra açıqlanacaq və Azərbaycan Respublikası VK-nın rəsmi internet səhifəsində (www.barassociation.az) yerləşdiriləcək.

İmtahanın şəffaflığının təmin edilməsi məqsədilə bir çox yerli, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər dəvət olunub, media nümayəndələrinin iştirakı təmin edilib.

Statistik göstəricilərə əsasən, namizədlərin 55,2%-i Bakı şəhərindən, 44,8%-i isə digər regionlardan qatılıb. İmtahanda Azərbaycanın əksər bölgələrinin təmsil olunması regionlarda vəkil çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək.

Namizədlərin 17,8 faizi xarici, 82,2 faizi isə yerli ali təhsil müəssisələrinin məzunlarıdır. Ən çox təmsil olunan təhsil müəssisəsi 48,2 faiz göstərici ilə Bakı Dövlət Universitetidir.

Yaş göstəricilərinə görə, iştirakçıların 71 faizi 40 yaşadək şəxslərdir. Namizədlərin 26 faizi qadın, 74 faizi isə kişilərdir. Naxçıvan Muxtar Respublikası VK üzrə namizədlər isə ümumi iştirakçıların 1 faizini təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə