Pedaqoji Universitetin Quba filialı XXX məzun buraxılışını keçirdi - FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının XXX məzun buraxılışı üçün 25 iyun 2025-ci il tarixində Qərbi Azərbaycana ithaf edilən təntənəli “Məzun Günü” törəni keçirilib.
Əvvəlcə Qubadakı Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Qubadakı Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr” da keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Bəşir Səfəroğlu adına Mədəniyyət Evinin direktoru Ramiz Ramazanlının moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə Filialın məzunları təqdim edilib, 12 qrupdan ibarət keçiddə hər bir qrup şərti olaraq Qərbi Azərbaycan mahallarının adları ilə adlandırılıb.
Açılış nitqi ilə ADPU-nun Quba filialının direktoru, Qabaqcıl təhsil işçisi, fizika elmləri doktoru, professor Yusif Alıyev çıxış edərək bütün qonaqları salamlayıb, tədbirin keçirilməsində yaradılan şəraitə görə Quba Rayon İcra Hakimiyyətinin Başçısı cənab İlqar Mahmudova minnətdarlığını bildirib, daha sonra tədbirdə dəvəti qəbul edib gəldikləri və filialdan 10 ixtisas üzrə 300 nəfər tələbənin məzun olduğu, onların bilik, zəhmət və nəticə əsaslı bu xoş günündə yer aldıqları üçün dəyərli Millət vəkillərinə, şəhid ailələrinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə və əməkdaşlarına, rayonun idarə, müəssisə, struktur rəhbərlərinə, ağsaqqallarına öz təşəkkürünü ifadə edib. Professor Yusif Alıyev hesabat xarakterli çıxışı ilə son 5 ildə filialda əldə edilən uğurlar, tələbə-məzunların nailiyyətləri, məzunların magistratura imtahanlarında göstərdikləri nəticələr, filialın elmi və beynəlxalq uğurları, əməkdaşlıqları haqqında vacib məqamları diqqətə çatdırıb. Son illərdə filiala qəbul dinamikasında tələbələrin yüksək bal toplayaraq Quba filialını seçməsini də xüsusi olaraq bildirib və bu qəbul faizinin təxminən ümumi qəbulun 50%-ə qədərini təşkil etdiyini diqqətə çatdırıb. Təhsilə məhəbbətin və sevginin Azərbaycan xalqının gözəl genetik xüsusiyyətlərindən olduğunu qeyd edən professor Yusif Alıyev ümummilli lider Heydər Əliyevin hələ müstəqilliyimizin ilk illərində ölkəmizdə müəyyən etdiyi təhsil strategiyasını milli sərvət kimi dəyərləndirib. Direktor diqqətə çatdırıb ki, bu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın çoxşaxəli inkişafında, eyni zamanda 44 günlük Vətən müharibəsində rəşadətli qələbənin qazanılmasında öz sözünü deyib. Azərbaycanda formalaşan milli təhsil sistemi gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında da müstəsna gücə malikdir. Bu sahədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının peşəkar kollektivinin də xüsusi xidmətləri var. Multikultural ənənələrin də qorunduğu filialda təhsil və tərbiyənin vəhdətinin böyük nəticələrə səbəb olduğunu böyük qürur və iftixar hissi ilə qeyd edib.
Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova çıxışında məzunları və filialın kollektivini səmimi qəlbdən təbrik edərək, əminliklə bildirib ki, gözəl Qubaya yaraşıq verən təhsil ocağı bundan sonra da böyük nailiyyətlər qazanacaq. Pedaqoji Universitetin Quba filialı bölgəmiz üçün ən dəyərli təhsil və elm ocağıdır. Bu səbəbdən də məzunların qürurverici anlarından biri olan bu tədbirdə iştirak etmək, onları yeni həyata uğurlarla yola salmaq əhəmiyyətlidir. Tədbirdə Səidə Abasova həm də məzunların əldə etdiyi uğurların Quba təhsili üçün də əhəmiyyətini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Millət vəkili, iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə tədbirin genişliyini və əhəmiyyətini xüsusi olaraq vurğulayaraq tədbiri Quba üçün bayram olaraq dəyərləndirib. Bu bayramın təşkili üçün filialın direktoru professor Yusif Alıyevə təşəkkür edib, bildirib ki, bugünki 300 nəfər məzun öz arxasınca çox böyük bir təhsil – bilik ordusu aparacaqdır, məzunların hər biri öz həyat yollarında yüzlərlə şagirdi elmin müxtəlif sahələrinə istiqamətləndirəcəkdir. Bunun da nəticəsində biz firavan Azərbaycanda yaşamağa davam edə biləcəyik. Millət vəkili həm də Qubadan olan məzunların bu gün dünyanın ən mötəbər təşkilatlarında yeni texnologiyaların mütəxəssisləri kimi çalışdığını vurğulayaraq,bugünki məzunların da gələcəkdə gördükləri işlərin nəticələrinin Azərbaycan üçün yüksək olmasını arzu edib, onlara növbəti iş həyatlarında innovativ və elmi istiqamətlərdə yüksəlişlər arzulayıb.
Daha sonra Millət vəkili Mahir Süleymanov, Millət vəkili Azər Badamov, Millət vəkili Müşfiq Məmmədli geniş çıxışlarında ADPU-nun Quba filialının region üçün əhəmiyyətini vurğulayıb, təhsil və elmi istiqaətlərdə universitetin professor-müəllim heyətinin və tələbə-məzunlarının əldə etdiyi uğurları Azərbaycan təhsili üçün yüksək dəyərləndiriblər. Millət vəkilləri həmçinin Azərbaycan Respublikasının məqsədyönlü təhsil siyasətinin strateji hədəflərindən bəhs ediblər. Diqqətə çatdırlar ki, ölkəmizin təhsil cəmiyyətində öz yeri və rolu ilə seçilən Pedaqoji Universitetin Quba filialı vətənimizin dörd bir yanından olan tələbələri öz sıralarına daxil edərək böyük həmrəylik nümunəsi sərgiləyir. Burada multikultural ənənələrin də qorunması və inkişaf etdirilməsi də açıq aşkar hiss edilir. Daha sonra məzunların, gənclərin hər zaman yanlarında olduqlarını xüsusi olaraq diqqətə çatdırıblar.
Məzun Zəhra Məmmədovanın valideyni Fikrət Məmmədov çıxışında övladının Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında təhsil almasından şərəf duyduğunu ifadə edərək əminliklə bildirib ki, bu gün məzun adı ilə sevincini bölüşən gənclər Vətənimizə, xalqımıza və dövlətimizə ləyaqətlə xidmət etmək üçün böyük potensial qazanıblar.
Sosial iş ixtisası üzrə məzun Venera Avşalumova məzunları təbrik edərək onlara yüksək təhsil verən peşəkar pedaqoji heyətə minnətdarlığını ifadə edərək, özünün əl işi olan Azərbaycan xəritəsini direktor professor Yusif Alıyevə bir övlad kimi minnətdarlıq əlaməti olaraq təqdim edib.
Tədbirin rəsmi hissəsinin sonunda hər ixtisas üzrə bir qrup məzun ADPU-nun Quba filialında təhsil aldığı müddətdə tədrisdə ən yüksək ümumi orta müvəffəqiyyət göstəricisinə sahib olduğu üçün filial rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif ediliblər.
Rəsmi hissədən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının XXX məzunları – Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Riyaziyyat müəllimliyi, Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Tarix müəllimliyi, Coğrafiya müəllimliyi, İbtidai təhsil müəllimliyi, Məktəbəqədər təhsil, Təhsildə sosial pedaqoji xidmət və Sosial iş ixtisasları üzrə bakalavr üzrə ali təhsil almış 12 qrupdan olan 300 məzun milli musiqi sədaları altında “Yaşıl teatr”ın səhnəsini dolaşaraq salonda öz yerlərini tutublar. Ayaq üstə alqışlar məzunların sevincinə sevinc, duyğularına duyğu qatıb.
Tədbir bədii hissə ilə davam etdirilib. Bədii hissə filialın İbtidai sinif müəllimliyi ixtisasının məzunlarının ifasında hazırlanmış “Ağbaba yallısı” ilə başlayıb. Daha sonra tədbirdə “Ləzginka” və “Art” rəqs qruplarının təqdimatından bir –birindən gözəl rəqslər, müğənni Əlövsət Səlimovun ifasında Azərbaycan xalq mahnısı” Tar-kamanım gəl-gəl”, Quba rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin Nağaraçılar qrupunun təqdimatı, DJ şou da maraqla qarşılanıb. Tədbirin musiqili qonaqları sırasında tanınmış müğənni Ayaz Babayev də yer alıb. Tədbir məzunların xatirə şəkilləri çəkdirmələri ilə sona çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə