Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təntənəli “Məzun günü” keçirilib. SİA xəbər verir ki, UNEC-dən bildirilib ki, “Məzun günü”ndə dövlət rəsmiləri, Milli Məclisin deputatları, universitetin professor-müəllim heyəti, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin rəsmi açılışında Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib. Sonra Elmi Şuranın üzvləri UNEC himninin sədaları altında səhnəyə dəvət olunublar.
Mərasimdə çıxış edən rektor, professor Ədalət Muradov builki “Məzun günü”nün Qarabağ Zəfərinin 5-ci ildönümünə, eyni zamanda UNEC-in 95 illik yubileyinə təsadüf etməsini tarixlə zamanın, zəfərlə təhsilin bir araya gəldiyi müqəddəs an adlandırıb. Prezident İlham Əliyevin təhsilə verdiyi prioritet yanaşmanın ölkədə ali təhsilin, o cümlədən UNEC-in inkişafına güclü zəmin yaratdığını deyən rektor, Birinci vitse-prezident Mehriban Əliyevanın təhsildə mədəni irsə, insani və milli dəyərlərə verdiyi önəmin UNEC-in missiyasının ayrılmaz hissəsi olduğunu diqqətə çatdırıb.
Rektor 2025-ci ildə UNEC-dən 3740 nəfəri bakalavr, 2277-si magistr olmaqla, ümumilikdə 6017 tələbənin məzun olduğunu deyib. O, bugünkü tarixin hər bir məzunun şəxsi zəfəri, universitetin qüruru, cəmiyyətin isə ümidi olduğunu deyib.
Məzunlara gələcək həyatları ilə bağlı dəyərli tövsiyələrini çatdıran rektor Ədalət Muradov, sonda məzunlara, onlara hər zaman dəstək olan valideynlərə və fədakar müəllimlərə səmimi təşəkkürünü bildirib. Məzunların hər zaman UNEC ailəsinin ayrılmaz bir parçası olduğunu vurğulayan rektor, onlara gələcək həyat və karyera yollarında uğurlar arzulayıb.
Fəxri məzun qismində çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov məzunları təbrik edərək UNEC-dəki tələbəlik illəri barədə səmimi xatirələrini bölüşüb. O, bu universitetdə yalnız biliklər deyil, həm də dəyərlər qazandığını, həyat yolunu müəyyənləşdirdiyini vurğulayıb. 95 illik zəngin tarixə və möhkəm təməllərə malik olan UNEC-in bu gün də çağdaş təhsil modellərinə uyğun inkişaf etdiyini qeyd edən Emin Hüseynov, məzunlara daima özlərini təkmilləşdirməyi, biliklərini artırmağı, özünə inamlı olmağı, fərqlənməyi və yeniliklərə açıq olmağı tövsiyə edib. O, işğaldan azad olunmuş torpaqların bərpası yolunda UNEC məzunları ilə birgə addımlayacağından əminliyini ifadə edib.
Çıxışdan sonra rektor Ədalət Muradov UNEC-in fəxri məzunu Emin Hüseynova onun bütün qiymətlərinin “Əla” olduğu bakalavr diplomunun əlavəsini təqdim edib.
Məzun Günündə UNEC-in Universitet daxili iki diplom proqramının 8 məzununa, eyni zamanda, UNEC-in Fransanın Montpellier universiteti ilə ikili diplom proqramını uğurla bitirən 14 məzuna diplomlar təqdim edilib.
UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,2) ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Günay Şamilzadə çıxış edərək, bu illər ərzində ona dəstək olan valideynlərinə, müəllimlərinə və tələbə yoldaşlarına təşəkkürünü bildirib.
Məzunların andiçmə mərasimindən sonra UNEC-in bayrağı III kursu ən yüksək ortalama ilə bitirən tələbəyə təqdim edilib.
Məzun Günü ənənəvi və həyəcanlı “papaqatma” mərasimindən sonra Murad Arifin ifasında populyar mahnılarla və məşhur DJ-lərin musiqi nömrələri ilə davam edərək, məzunlara sevincli və unudulmaz anlar yaşadıb.
Bütün xəbərlər Facebook səhifəmizdə