BDU-nun Məzun Günü keçirilib

Bu gün Milli Gimnastika Arenasında Bakı Dövlət Universitetinin (BDU) Məzun Günü keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi anılıb. Sonra BDU haqqında videoçarx nümayiş olunub.

Tədbiri açıq elan edən BDU-nun rektoru Elçin Babayev məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

“Bu gün qədim tarixi və zəngin ənənələri olan BDU-nun həyatında unudulmaz gündür. Ali təhsillərini uğurla başa vurmuş 6000-dən çox tələbəmiz universitetdən məzun olur. Siz Azərbaycanın yeni reallığa qədəm qoyduğu, ölkə həyatının hər bir sahəsində davamlı inkişafın, elmi-texniki tərəqqinin vüsət aldığı bir dövrdə məzun olursunuz. Tələbəlik illəriniz xalqımız üçün taleyüklü hadisələrlə zəngin bir dövrə təsadüf edir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun böyük zəfərə imza atması ilə ölkəmizin ərazi bütövlüyü heç bir gün çəkməyən antiterror tədbirləri ilə dövlət suverenliyimiz bərpa olundu. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. Müstəqil dövlətimizin dünyanın siyasi arenasında mövqeyi möhkəmlənib. Bu il qürurla beşinci ildönümünü qeyd edəcəyimiz şanlı zəfərə qanından və canından keçərək imza atan Vətən oğullarının ruhu qarşısında baş əyirik. Siz ali təhsilinizi ölkəmiz üçün əlamətdar bir təqvim ilində başa vurursunuz – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Hüquqi dövlət quruculuğuna töhfə verən, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində fəal iştirak edən Azərbaycan gəncləri sırasında BDU məzunlarının da adları olacaq”, - deyə rektor qeyd edib.

Rektor bildirib ki, 106 il əvvəl 2 fakültə, 44 nəfərlik professor-müəllim və 1094 nəfərlik tələbə heyəti ilə fəaliyyətə başlayıb, hazırda BDU-da 16 fakültədə 1500 nəfərlik professor-müəllim heyəti çalışır, 25 mindən çox tələbə təhsil alır: “Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 6 elmi-tədqiqat mərkəzi, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec və “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavr səviyyəsində 75 ixtisas, magistratura səviyyəsində 243 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. BDU ölkənin nüfuzlu şirkətləri, iri sənaye müəssisələri, dövlət təşkilatları, ictimai qurumları ilə əməkdaşlığı inkişaf etdirir, dünyanın aparıcı universitetləri – Türkiyə, Çin, Pakistan, Qazaxıstan, Özbəkistan və s. kimi ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə ikili diplom proqramı əsasında kadr hazırlığını uğurla həyata keçirir. BDU dünya universitetləri arasında ilk 700-lüyə daxil olub, 688-ci sırada qərarlaşıb. Bu nəticə ilə təkcə ölkəmizdə deyil, Cənubi Qafqazda lider mövqeyə yüksəlib. BDU fəaliyyət göstərdiyi 106 il ərzində 200 mindən çox yüksəkixtisaslı mütəxəssis, o cümlədən bir çox xarici ölkələr üçün yüzlərlə peşəkar kadr yetişdirib”.

Sonra Universitet tələbələrinin ifasında BDU-nun himni səsləndirilib.

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, BDU yüz ildən artıqdır ki, insan kapitalının formalaşdırılması kimi müqəddəs missiyanın öhdəsindən böyük şərəf və qürurla gəlir.

“2025/2026-cı tədris ilindən etibarən rekord sayda — 75 min nəfər tələbə qəbul ediləcək. Bu da təhsilin inkişafına dövlətin verdiyi dəyərin göstəricisidir. “QS 2026” dünya universitetləri reytinqində ölkə tarixində ilk dəfə olaraq 6 Azərbaycan universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında yer alıb. Müasir dünyanın dəyişən çağırışları qarşısında yalnız bilik kifayət etmir. Dürüstlük, vətənpərvərlik, məsuliyyət və vətəndaşlıq şüuru da bir o qədər vacibdir. Ümid edirəm ki, siz Bakı Dövlət Universitetinin adını hər zaman uca tutacaq, onu uğurlarınızla təmsil edəcəksiniz”, - deyə nazir müavini qeyd edib.

Gənclər və idman naziri Fərid Qayıbov məzunları təbrik edərək, onların illər ərzində çəkdikləri zəhməti, əldə etdikləri bilikləri yüksək qiymətləndirib. Gənclərə arzu və tövsiyələrini çatdıran nazir onların peşəkar mütəxəssis, cəmiyyətimiz və Vətənimiz üçün uğurlu insan olacaqlarına əminliyini ifadə edib, dövlətin həmişə gənclərin yanında olduğunu deyib.

BDU-nun sıx əməkdaşlıq etdiyi İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin təbrik videomüraciəti oxunub. “Konstitusiya və Suverenlik İli”nə və Qarabağda qazanılan möhtəşəm zəfərin 5 illik yubileyinə həsr olunmuş video nümayiş olunub.

Milli Məclisinin sədr müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, BDU-nun Himayəçilər Şurasının üzvü, bp-nin Xəzər bölgəsində kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, “Şuşa Şəhəri Dövlət Qoruğu” İdarəsinin icraçı direktoru Tural Novruzov, Fizika fakültəsi Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu, ABŞ-ın Çikaqo Universitetinin magistrantı Fidan Kərimli məzunları təbrik edib, onlara şəxsi və iş həyatlarında uğurlar arzulayıblar.

Türkiyənin İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal, İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran, Çin Xalq Respublikasının Anhui Universitetinin Universitet Şurasının sədri Yu Baotao, Şimal-şərqi Neft Universitetinin prezidenti Dong Hongli, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin rektoru Meiram Begentayev, Namanqan Dövlət Universitetinin rektoru Qırğızbəyev Abduqəffar, Pakistanın Milli Texnologiya Universitetinin (NUTECH) rektoru Moazzam Ejaz, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçöhrə Rixsiyeva videomüraciətlərində BDU-nun Azərbaycanın ictimai-siyasi həyatında önəmini qeyd edib, Universitetə və məzunlara təbriklərini çatdırıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə