Beynəlxalq Olimpiada və yarışlamalarla bağlı mətbuat konfransı keçirilib - YENİLƏNİB/FOTOLAR
25 iyun 2025-ci il tarixində Global Olympiad Center (GOC) tərəfindən yerli media nümayəndələrinin iştirakı ilə geniş tərkibli mətbuat konfransı təşkil olunmuşdur. SİA xəbər verir ki, tədbirin əsas məqsədi beynəlxalq fənn olimpiadalarının və yarışların qlobal təhsil sistemindəki yeri və əhəmiyyətini ictimaiyyətə çatdırmaq, həmçinin son günlərdə GOC-un fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə yayılan qərəzli və əsassız məlumatlara rəsmi münasibət bildirmək olub. Mətbuat konfransında çıxış edən GOC-un direktoru Xəyal İbrahimzadə, beynəlxalq akademik yarışların məktəblilər üçün yaratdığı imkanları geniş şəkildə izah edib, bu olimpiadaların və yarışların yalnız imtahan deyil, həm də əməkdaşlıq, şəbəkələşmə və mədəniyyətlərarası dialoq üçün mühüm platforma olduğunu vurğulayıb.
O, qeyd edib ki, bu yarışlar dünya üzrə 200-ə yaxın formada təşkil olunur və şagirdlərin elmi potensialını üzə çıxarmaqla yanaşı, onların ali təhsil və karyera imkanlarına da ciddi töhfə verir. Təqdimatda bildirilib ki, fənn olimpiadaları aşağıdakı 4 əsas kateqoriyaya bölünür:
1. Akademik nüfuzu böyük olan və bu sahədə ilk beynəlxalq olimpiadaları – UNESCO və digər qurumlar tərəfindən tanınan, milli seçmələr əsasında keçirilən yarışlardır (məs., IMO, IPhO, IOI, IEO və s.).
2. Regional beynəlxalq olimpiadalar – bir neçə qonşu ölkənin iştirakı ilə keçirilən əməkdaşlıq platformalarıdır (məs., BMO, EGMO, AIMO).
3. Özəl beynəlxalq olimpiadalar – qeyri-hökumət təşkilatları və ya universitetlər tərəfindən keçirilən, geniş coğrafiyada tanınan yarışlardır (məs., HIPPO, TIMO, Copernicus və s.).
4. Beynəlmiləlləşmiş milli olimpiadalar – bir ölkədə başlayan və zamanla xarici iştirakçılarla beynəlxalq status qazanmış yarışlardır (məs., USAMO, RMM). Xəyal bəy qeyd edib ki, GOC tərəfindən bu il təşkil olunacaq IEO – Beynəlxalq İqtisadiyyat Olimpiadası 52 ölkənin iştirakı ilə 20–29 iyul 2025-ci il tarixlərində Bakıda keçiriləcək.
Tədbirə dünyanın müxtəlif ölkələrindən tanınmış akademiklər, şagirdlər, müəllimlər və dövlət rəsmiləri qatılacaq. Bu olimpiadanın yüksək nüfuzu və geniş tərəfdaşlıq şəbəkəsi, Azərbaycanın beynəlxalq təhsil mühitində artan nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Global Olympiad Center (GOC) olaraq əsas məqsədimiz – Azərbaycan təhsil strategiyasına uyğun şəkildə, Təhsil İnstitutu tərəfindən keçirilən rəsmi olimpiadalardan əlavə və alternativ beynəlxalq yarışlar təşkil etməklə şagirdlər üçün fərqli inkişaf platformaları yaratmaqdır. Biz inanırıq ki, müxtəlif akademik imkanlar şagirdlərin elmi bacarıqlarının daha geniş miqyasda üzə çıxarılmasına və onların beynəlxalq təhsil mühitinə inteqrasiyasına xidmət edir. Qlobal təcrübə göstərir ki, dünyada keçirilən bütün beynəlxalq olimpiadalar ödənişli əsaslarla həyata keçirilir. Bu ödənişlər iştirak haqqı, logistika və təşkilatçılıq xərclərini əhatə edir və müxtəlif mənbələrdən – dövlət, sponsorlar və ya valideynlər tərəfindən qarşılanır. Bu, heç bir halda kommersiya xarakteri daşımır, rəsmi iştirak haqqı və texniki təminat xərclərini əhatə edən bir sistemdir. Ödəniş paketlərinə adətən aşağıdakılar daxildir:
● Beynəlxalq yarışlarda iştirak hüququ;
● Aviabilet və nəqliyyat;
● Oteldə qalma və gündəlik qidalanma;
● Seminarlar, ekskursiyalar və sosial proqramlar;
● Sertifikatlar, mükafatlar və qiymətləndirmə materialları;
● Əlavə təşkilati və təhlükəsizlik dəstəyi. GOC bu proseslərin hər birini şəffaf müqavilə əsasında, valideyn və iştirakçılarla rəsmi razılaşma yolu ilə həyata keçirir. Məqsədimiz yalnız bir yarış keçirmək deyil – şagirdlər üçün həm akademik, həm də həyat təcrübəsi baxımından dəyərli bir inkişaf mərhələsi təqdim etməkdir. Konfransda həmçinin GOC-un təşkil etdiyi digər beynəlxalq yarışlardan olan FISO – Future International Science Olympiad - beynəlxalq yarışması haqqında da ətraflı məlumat verilib. Son günlərdə sosial şəbəkələrdə və bəzi qapalı platformalarda Global Olympiad Center (GOC) tərəfindən təşkil edilən beynəlxalq yarışlarla bağlı yayılan “feyk olimpiada”, “saxta yarış”, “şəffaf olmayan ödənişlər”, “aldadılma” kimi ittihamlar tamamilə əsassız, qərəzli və ictimaiyyəti çaşdırmağa yönəlmiş xarakter daşıyır. Xüsusilə Vəfa Məmmədova adlı valideyn tərəfindən səsləndirilən iddialar hüquqi, etik və faktoloji baxımdan qəbulolunmazdır. Sözügedən valideyn 13 may 2025-ci il tarixində GOC ilə rəsmi müqavilə imzalamış, səfər və iştirak şərtləri ilə yazılı şəkildə tanış olmuş və təqdim olunan xidmətlərə öz razılığını rəsmi sənədlə təsdiqləmişdir.
Müqaviləyə əsasən, valideyn və şagirdlər üçün nəzərdə tutulan xidmətlər – aviabilet, otel, gündəlik qidalanma, ekskursiyalar və beynəlxalq tədbirdə iştirak hüququ – tam şəkildə təmin edilmişdir. Tədbir paketi və ödənişlər bütün iştirakçılara öncədən izah edilmiş, əlavə olaraq 03 iyun tarixində ictimai şəkildə təşkil olunmuş görüşdə bütün suallar cavablandırılmışdır. İştirak edilən FISO – Beynəlxalq Yarışmasıisə heç bir halda “feyk” və ya qeyri-qanuni yarış deyil. FISO 2025 finalı 16 ölkənin iştirakı ilə, Heriot-Watt Universitetinin Dubay kampusunda, beynəlxalq səviyyəli təhsil və təşkilatçılıq prinsipləri əsasında keçirilib. İmtahanlar, qiymətləndirmə, mükafatlandırma, apellyasiya və sosial proqramlar tam şəffaflıqla həyata keçirilib və nəticələr beynəlxalq ekspertlər tərəfindən rəsmi şəkildə təsdiqlənib. Azərbaycan komandasının imtahanda iştirakı, regionda baş verən gərginlik səbəbilə dəyişdirilmiş, GOC-un intensiv danışıqları nəticəsində 16 iyun tarixində ayrı şəkildə təşkil olunmuşdur. Bu vəziyyət də açıq şəkildə sübut edir ki, GOC istənilən şəraitdə şagirdlərin hüquqlarını qorumaq və onların beynəlxalq səviyyədə iştirakı üçün üzərinə düşən bütün məsuliyyəti daşıyır. Təəssüf ki, bu cür böhtan xarakterli iddialarla qurumun nüfuzuna, illərlə qurulmuş beynəlxalq əməkdaşlıqlara və yüzlərlə şagirdin zəhmətinə kölgə salınmağa çalışılır.
Qətiyyətlə bildiririk ki, yayılan bu məlumatlar dezinformasiya xarakterlidir və GOC tərəfindən hüquqi qiymətləndirilmə üçün məhkəməyə təqdim olunacaqdır. Global Olympiad Center olaraq biz daim şəffaflıq, məsuliyyət və beynəlxalq hüquqa uyğunluq prinsipləri ilə fəaliyyət göstərmişik. Hüquqi prosedurlar işə düşüb və məsələ məhkəmə qaydasında həll ediləcək. Uşaqlarımızın gələcəyinə, xalqımızın etimadına və dövlətimizin beynəlxalq nüfuzuna əsaslanaraq, bu yolda mübarizəmizi qətiyyətlə davam etdirəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə