"Bu gün bizim üçün çox əlamətdar bir gündür. Çünki biz bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaranmasının 24 illiyini qeyd edirik. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun 4-cü məzuniyyət gününü keçiririk". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnstutunun rektoru Aqil Şirinov deyib.
Onun sözlərinə görə, Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə cənab Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Bu, Azərbaycanda din sahəsində ali təhsil verən yeganə təhsil müəssisəsidir: "Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutu 4 ildir ki, öz məzunlarını verir və bu məzunlar Azərbaycanda müxtəlif dini ocaqlarda və elmi müəssisələrdə fəaliyyət göstərirlər. Sevindirici haldır ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunları artıq peşəkar dini kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.
Qeyd edim ki, Azərbaycan İlahiyyat İnstitutunun beynəlxalq əlaqələri də bu illər ərzində çox inkişaf etmişdir. Biz təqribən 33 müxtəlif xarici ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və onlarla müqavilələr bağlamışıq. Tələbə mübadiləsi və müxtəlif layihələr həyata keçiririk.
Azərbaycan İlahiyyat İnstitutunun beynəlxalq səviyyəli, özünəməxsus jurnalı var və bizim əsas məqsədlərimizdən biri bu jurnalın beynəlxalq indekslərə daxil olaraq nüfuzlu bir elmi dərgiyə çevrilməsidir. Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutu beynəlxalq simpoziumlarda, tədbirlərdə, konfranslarda çıxış edir, həmçinin din sahəsində müxtəlif kitablar da nəşr olunur.
Əminliklə qeyd edə bilərəm ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan dövləti və xalqı üçün din sahəsində peşəkar kadrlar hazırlayır və bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Həmçinin dövlətimizə təşəkkürümüzü bildiririk ki, Azərbaycan İlahiyyat İnstitutu yaranan gündən dövlət qayğısı ilə əhatə olunub. Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstəririk və bu qurumun dəstəyini daim üzərimizdə hiss etmişik.
Sonda bir daha məzun olan tələbələrimizə gələcək həyatlarında uğurlar arzulayıram. Allah yollarını hər zaman açıq etsin".
Bütün xəbərlər Facebook səhifəmizdə