"Biz “diplomlu gənclər”, “diplomsuz gənclər” yanaşmasından uzaq durmalıyıq!" - EKSPERT RƏYİ

"Biz “diplomlu gənclər”, “diplomsuz gənclər” yanaşmasından uzaq durmalıyıq. XXI əsrdə bir insanın əmək bazarındakı yerini onun peşə səriştəsi, hər hansı ixtisasla bağlı bacarıqları daha çox nəzərə alınır. Doğrudur, dünyanın hər yerində olduğu kimi, bizdə də hər hansı ixtisasa yiyələnməklə bağlı rəsmi dövlət, yaxud hər hansı hüquqi sənədin-diplom, sertifikat, təqdimatın olması zəruridir. Amma burada məsələ diplomun (sertifikatın) olub-olmaması yox, ona olan yanaşmadır". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib.

Onun sözlərinə görə, bizdə diplom az qala, ən vacib həyati göstərici, xəstə insan üçün oksigen balonu kimi başa düşülür: "Diplomun özü yox, ona olan ifrat münasibət dəyişməlidir. Sırf bu səbəbdən xeyli sayda diplomlu şəxs işsiz qalıb. Hətta yarızarafat-yerigerçək, diplom xanımlar üçün əlavə cehizlik kimi də dəyərləndirilib.

Bütün bu yanaşmalardan əl çəkilməlidir. Diplom hər hansı ixtisasla bağlı kadr olduğumuzu təsdiqlədən dövlət sənədidir. Bu, öz yerində, amma biz özümüz-özümüzü həmin kadr kimi təsdiqləyə bilmişikmi? Gəlin, məsələyə həm də bu rakursdan, bu aspektdən yanaşaq həm də...

Doğrudur, çoxsaylı hazır və peşəkar kadr olan diplomlular da var ki, onlar da hazırda işsizdir. Bu problem barədə daha sonra danışarıq. Amma bir reallığı da özümüz üçün etiraf edək: hər hansı ixtisası bitirməklə bağlı dövlət sənədinə-diploma sahib olmaq həmin ixtisasla bağlı kadr olmaq anlamına gəlmir. İşsiz diplomlu gənclərin də bir çoxusunun real durumuna səbəb olan faktor budur. Bunun üçün isə atılası ən zəruri addım yanaşmalarda dəqiqləşmə və tənzimləmə işinin aparılması və maarifləndirmə mexanizminin ön plana çəkilməsidir.Nə vaxta qədər ki, biz “oxu, diplomun olsun” müstəvisində qalacağıq, o zaman nələrinsə düzəlməsinə çox da ümid edə bilmərik.

Məsələn ikinci hissəsinə, işsizliyin iqtisadiyyata vurduğu təsirlərə gəlincə isə, təbii ki, durum ürəkaçılan səviyyədə, cavablar müsbət yöndə deyil. İqtisadiyyata peşəkar kadrların yoxluğu, səriştə azlığı daha ağır zərbə vura bilər. Diplomluların çoxluğu təkrar edirəm, əmək bazarının tələbləri üçün peşə səriştəliliyinin tam olması deyil. Bu gün istehsalat, praktiki iş mühiti bizdən nəyi tələb edirsə, biz də o meyarlar uğrunda özümüzü inkişaf etdirməliyik. Artıq “diplomum var” tutalğasından tam xilas olmalıyıq..."- deyə ekspert əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə