BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib - FOTOLAR
Ulu Öndər Heydər Əliyevin 2000-ci il 13 iyun tarixli Fərmanı ilə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunun bazasında profili genişləndirilərək Bakı Slavyan Universiteti yaradılıb. Bu əlamətdar tarix münasibətilə Elmi şuranın “Strateji inkişaf planının icrasına dair” genişləndirilmiş iclası keçirilib. SİA xəbər verir ki, iclası açan rektor Anar Nağıyev Ümummilli Lider Heydər Əliyevin bu ali təhsil ocağının inkişafına göstərdiyi diqqət və qayğıdan, ona məhz Ulu Öndərin Fərmanı ilə universitet statusu verilməsindən bəhs edib. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə təhsilin inkişafı prioritet sahələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.
Rektor universitetin strateji inkişaf planı çərçivəsində görülən işlər, qarşıya qoyulan vəzifələr və bu istiqamətdə atılan məqsədyönlü addımlar barədə geniş məruzə ilə çıxış edib. O, vurğulayıb ki, qəbul olunan strateji plan yeni dövrün çağırışlarına uyğun keyfiyyətli təhsil mühitinin formalaşdırılmasını nəzərdə tutur. Son illərdə universitetin bir sıra beynəlxalq reytinqlərdə yer alması və nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması bu istiqamətdə atılan mühüm addımların göstəricisidir.
Universitetdə elmi mühitin inkişafı, elmi tədqiqatların stimullaşdırılması və dəstəklənməsi istiqamətində qəbul olunan qərarları diqqətə çatdıran rektor bu prosesdə nəsillərarası elmi kommunikasiyanın əhəmiyyətini xüsusi vurğulayıb. Bildirib ki, böyük elmi uğurlar qazanan görkəmli alimlərin həyat yolu gənclər üçün nümunəyə çevrilməlidir.
Rektor, həmçinin BSU-nun “Elmi əsərlər” jurnalının tarixi ənənələrinin qorunmaqla, yeni dövrün çağırışlarına uyğun şəkildə yeni formatda nəşrinin davam etdirilməsinin vacibliyini qeyd edib. Jurnalın yeni formatda hazırlanmış “Dil və ədəbiyyat” və “İctimai-siyasi elmlər” seriyaları üzrə ilk iki nömrəsinin nəşr olunduğunu diqqətə çatdırıb.
Çıxışının sonunda BSU-nun rektoru Anar Nağıyev kollektivi hər iki əlamətdar tarix münasibətilə təbrik edib, hər bir əməkdaşın tədqiqat fəaliyyətinin daim diqqətdə saxlanılacağını bildirib.
İclas çərçivəsində qeyd olunub ki, yeni təsis edilən “Baku Journal of Slavic Studies” jurnalının ilk nömrəsi 2025-ci ilin oktyabr ayında “Language and Intercultural Engagement” mövzusu ilə, ikinci nömrəsi isə 2026-cı ilin fevralında “Turkological Research in Slavic Countries” mövzusunda dərc ediləcək. 1955-ci ildə təsis olunmuş “Elmi əsərlər” jurnalı isə 70 illik yubiley buraxılışı ilə yenidən nəşrə başlanılmaqla bərpa edilib.
İclas zamanı, həmçinin BSU-nun beynəlxalq reytinqlər və müvafiq elmi göstəricilər üzrə mövqeyinin möhkəmləndirilməsinə dair fəaliyyət istiqamətləri müzakirə olunub. 2024–2025-ci tədris ili üzrə “Scopus”, “Web of Science” və “Google Scholar” kimi beynəlxalq elmi bazalarda nəşr olunan məqalələrinə görə fərqlənmiş 20 nəfər universitet əməkdaşı təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə