Xüsusi qabiliyyət imtahanlarına start verilir

İyunun 20-dən etibarən ali təhsil pilləsinin idman istiqamətinin 62-ci komissiyası və təsviri sənət istiqamətinin 14-cü komissiyası üzrə qabiliyyət imtahanlarına start veriləcək.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, idman istiqaməti üzrə Tofiq Bəhramov adına Respublika Stadionunda və Azərbaycan İdman Akademiyasında 62 və 63-cü komissiyalar, Tovuz Olimpiya İdman Kompleksində 63-cü komissiya, təsviri sənət istiqaməti üzrə 14 və 15-ci komissiyalar üzrə qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər 14 iyun tarixindən etibarən imtahana buraxılış vərəqəsini qeydiyyatdan keçdikləri səhifədən çap edib götürə bilərlər. Buraxılış vərəqəsində qabiliyyət imtahanının yeri və tarixi göstərilir.

Teatr, kino və xoreoqrafiya sənəti istiqaməti üzrə qabiliyyət imtahanları iyunun 23-dən etibarən start götürəcək. Bu istiqamət üzrə qabiliyyət imtahanları Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə təşkil ediləcək.

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanları isə iyulun 1-dən etibarən keçirilməyə başlanılacaq.

Qeyd: İmtahana buraxılış vərəqələri imtahan tarixləri və komissiyalar üzrə mərhələli şəkildə (imtahana ən az 5 gün qalmış) abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçdikləri səhifələrinə yerləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə