İyunun 13-də Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADU-dan məlumat verilib.
ADU-nun rektoru akademik Kamal Abdulla ilə keçirilən görüşdə qeyd olunub ki, Çin və Azərbaycan respublikaları arasında möhkəm diplomatik və mədəni əlaqələr mövcuddur.
“Azərbaycan Dillər Universitetində təhsil alan tələbələr Çin dilinə, mədəniyyətinə, tarixinə böyük maraq və diqqət göstərir. Bu işdə bizə Konfutsi İnstitutu yaxından kömək edir. ADU elmi, mədəni əlaqələrin qurulmasında beynəlxalq əməkdaşlığa böyük önəm verir. Çin Xalq Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələri ilə elmi, mədəni əlaqələrin qurulmasında Çinin ölkəmizdəki səfirliyinin böyük rolu var. Biz inanırıq ki, əməkdaşlığımız bundan sonra da yüksələn xətlə inkişaf edəcək”, - deyə rektor Kamal Abdulla bildirib.
Səfir ADU ilə əlaqələrin qurulmasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, ölkələr arasında elmi, mədəni əlaqələrin inkişafı istiqamətində bir sıra mühüm işlər görülür.
ADU-da fəaliyyət göstərən Konfutsi İnstitutu beynəlxalq əlaqələrin qurulması baxımından hər iki tərəf üçün faydalıdır.
Görüş zamanı ADU-nun Çinin Xudjou Universiteti ilə sıx əməkdaşlıq etməsi, Konfutsi İnstitutu ilə qarşılıqlı elmi layihələrin həyata keçirilməsi, Çin dili, mədəniyyəti, tarixinin öyrənilməsi ilə bağlı təhsil əlaqələrinin genişləndirilməsi, Çin evinin qurulmasının perspektivləri, müəllim-tələbə mübadilə proqramlarının həyata keçirilməsi ətrafında fikir mübadilələri aparılıb.
Daha sonra xanım diplomat ADU-da da fəaliyyət göstərən “Səfir saatı” layihəsinə dəvət olunub.
Görüş iki ölkənin ali təhsil ocaqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə