"Sən 50, 100, 150, 200 bal toplaya bilməmisənsə,..." - EKSPERT FİKRİ

"Universitetlərimizdə qəbul imtahanı yekunlaşıb və qeyd edirsiniz ki, qəbul ola bilməyənlər xarici təhsilə üstünlük verirlər. Məsələ ondan ibarətdir ki, xaricdə təhsil almağa gedən xeyli sayda istedadlı, savadlı gənclərimiz var. Həmin gənclər Dövlət İmtahan Mərkəzinin xətti ilə keçirilən imtahanlarda uğur qazanaraq yox, müxtəlif beynəlxalq imtahanların nəticələrinə görə və ya beynəlxalq olimpiadalarda yer alaraq dünyanın nüfuzlu təhsil müəssisələrinə gedirlər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, eyni zamanda dövlətlərarası, hökumətlərarası tələbə mübadilə proqramları nəticəsində xaricdə təhsil almağa gedən gənclərimiz də var. Həmçinin "Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" xətti ilə bizim gənclər bakalavr, magistr və doktorantura səviyyəsində təhsil almağa göndərilirlər: "Bu imkanları əldə etmək, təbii ki, asan deyil – ciddi rəqabət, ciddi imtahan nəticələri və s. Amma Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğur qazana bilməyənlər növbəti mərhələdə, axır nəticədə xarici ölkələrə – xüsusilə Gürcüstanın, Rusiyanın, Ukraynanın, Belarusiyanın, eləcə də Türkiyənin aşağı nüfuzlu universitetlərinə üz tuturlar. Həmin universitetlər bəzən elə təhsil müəssisələridir ki, öz ölkələrində belə akkreditasiyadan keçməyiblər. Burada təhsil xidmətləri göstərən şirkətlər çox hallarda bu məqamdan sui-istifadə edirlər. Onlar vətəndaşların etibarından istifadə edərək müxtəlif vədlər verirlər. Nəticədə, dörd ildən sonra məzun olmuş şəxs gəlir və deyir ki, diplomumu təsdiqlədə bilmədim, nostrifikasiya elətdirə bilmədim və problemlər başlayır.

Ümumiyyətlə, xaricdə təhsil almağın üstünlükləri var. Amma attestatla qəbul olduğun, heç bir ciddi meyarı olmayan universitetdən təhsilin nə üstünlüyü ola bilər? Heç bir! Əgər sən beynəlxalq imtahanların nəticələri ilə ciddi rəqabətlə təhsil alırsansa, bu başqa məsələdir – orada oxumaq da çətindir, amma keyfiyyətli təhsil verilir.

Təəssüf ki, attestatla xaricə gedənlərin əksəriyyəti aldadılmış insanlardır. Valideyn düşünür ki, övladı Bakıda qəbul ola bilməyibsə, nə olursa olsun, onu xaricdə oxutmalıdır. Dörd il uşağın vaxtı gedir, diplom əldə edir, amma nə savad var, nə də diplom tanınır. Ona görə də mən gənclərə və onların valideynlərinə səslənirəm: universitet seçərkən nəyi seçdiyinizi bilin. Əgər övladınız Dövlət İmtahan Mərkəzinin imtahanında kifayət qədər bal toplaya bilmirsə, xaricdə təhsil almaq perspektivi də sıfırdır. Sən burada 50, 100, 150, 200 bal toplaya bilməmisənsə, xaricdə nə uğur qazanacaqsan? Amma doğrudan da istedadlı gənclər beynəlxalq nüfuzlu universitetlərdə təhsil alırsa, bu, sevindiricidir və Azərbaycanın peşəkar kadr bazasının formalaşması deməkdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə