Kimya elmlərinə həsr olunmuş beynəlxalq konfransa start verilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) təşkilatçılığı ilə “UFAZ Beynəlxalq Konfransı 2025: Kimya, Proseslər və Materiallar” konfransı öz işinə başlayıb. SİA xəbər verir ki, konfrans UFAZ-ın Baş katibi Martin Qodonun açılış nitqi ilə başlayıb. Sonra ADNSU-nun rektoru, dosent Rüfət Əzizov qonaqları salamladıqdan sonra ADNSU-nun fəaliyyəti, tələbə və məzunların nailiyyətləri, beynəlxalq və yerli tədbirlərdə uğurları, həmçinin sənaye sahələrinə töhfələri və tədqiqat potensialı ilə bağlı təqdimatla çıxış edib.

Sonra konfransın əsas tərəfdaşlarından olan “SOCAR Polymer”in Baş direktoru Fuad Əhmədov çıxış edərək sahə peşəkarlarının və gənc tədqiqatçıların sənaye sahəsindəki rolunu yüksək qiymətləndirib. “SOCAR Polymer”in fəaliyyəti, istehsal gücü, ixraca töhfəsi, eyni zamanda peşəkar kadrların hazırlanması üçün təcrübə proqramlarından və qlobal sənaye istehsalçıları ilə dayanıqlı rəqabət qabiliyyətindən bəhs edib. Ardınca UFAZ-ın professoru və kimya müəllimi Dünya Babanlı iştirakçıları salmlayaraq konfransın ilk sessiyasının sədri kimi spiker və təqdimatçılara ümumi məlumat verib. Mövzusu üzrə ilk əsas spiker – Mixael Köhler İyerarxik quruluşlu zərrəciklərin kimya və mühəndislik sahələrindəki rolu ilə bağlı mühazirə ilə çıxış edib.

Sonra mövzu üzrə iştirakçıların suallar cavablandırılıb. Konfransın ilk sessiyası Gülnar Qəhrəmanova (ADNSU/UFAZ), Sevinc Cavadova (Kataliz vıə Qeyri-üzvi Kimya İnstitutu), İrfan Məhəmməd (Hindistanın Tirupati Texnologiya İnstitutu) və Lara Mikakın (Ruder Boşkoviç İnstitutu) çıxışları ilə davam edib. ADNSU-nun Ümumi kimya kafedrasının müdiri Minirə Ağahüseynovanın sədrliyi ilə ikinci sessiyada əsas spiker kimi Dünya Babanlı qatlı xalkogenidlər əsasında topoloji izolyator materialların hazırlanması ilə bağlı təqdimatla çıxış edib. Ardınca Elnur Oruclu (ADNSU), Kəmalə Bədəlova (Azərbaycan Tibb Universiteti) və Şəbnəm Feyziyevanın (Strasburq Universiteti) çıxışları dinlənilib. UFAZ-ın müəllimi Gülnaz Qəhrəmanovanın sədrliyi ilə keçirilən üçüncü sessiyasında əsas spiker Stefano Belluci ətraf mühitin bərpasında qabaqcıl karbon nanomateriallarının tətbiqi ilə bağlı çıxış edib. Ardınca Minirə Ağahüseynova (ADNSU), Ülviyyə Qurbanova (Neft-Kimya Prosesləri İnstitutu) və Təhminə Tağı (ADNSU/UFAZ, CNRS, Strasburq Universiteti) təqdimatla çıxış ediblər.

Qeyd edək ki, kimya, proses və material elmlərinə həsr olunmuş üç günlük konfrans beynəlxalq və yerli alimləri, professor və sənaye liderlərini, eyni zamanda təhsil işçiləri, gənc tədqiqatçılar və tələbələri bir araya gətirir. Konfrans iyunun 3-dən 5-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə