“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı keçirilib - FOTOLAR

İyunun 1-də beşinci “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları imtahanı keçirilib. SİA xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda 2 sessiya olmaqla baş tutub.

İdarəetmə bacarıqları üzrə imtahanda Analitik təhlil imtahanından uğurla keçən 1478 nəfər iştirak edib. Burada iştirakçılara 2 hissədən ibarət olmaqla situasiya mühakimə və emosional zəka testləri təqdim olunub. Sualları cavablandırmaq üçün iştirakçılara ümumilikdə 3 saat 45 dəqiqə vaxt ayrılıb.

“Yüksəliş” müsabiqəsinin beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmasının daha bir göstəricisi isə xaricdə yaşayan iştirakçılar üçün yaradılmış distant imtahan imkanıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiyada təşkil edilib. Hər bir iştirakçı şəxsiyyət vəsiqəsi ilə elektron qeydiyyatdan keçərək QR-kod vasitəsilə imtahan zalına daxil olub, bu isə imtahanın təhlükəsizlik və şəffaflıq səviyyəsini artıran əsas texnoloji yeniliklərdəndir.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə test sualları T-şkala ilə hesablanacaq. T-şkalası bir çox məşhur beynəlxalq imtahanlarda (TOEFL, GMAT, SAT və s.) tətbiq olunan üsuldur. Nəticələrin hesablanmasında istifadə edilən bu üsul bütün dünyada ən qabaqcıl və ədalətli metod hesab olunur.

İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan bitdikdən sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklində göndəriləcək.

Əyani mərhələni uğurla başa vuran iştirakçılar müsabiqənin yarımfinal mərhələsinə vəsiqə qazanacaq. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

Qeyd edək ki, bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət daxil olaraq ümumilikdə 16 min 553 namizəd qeydiyyatdan keçib. Onlardan 7256 nəfər Ümumi biliklər mərhələsini uğurla keçərək Analitik təhlil imtahanında iştirak edib. Növbəti addımda isə 1478 namizəd əyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə