ADA Universiteti ilə “Nardaran Invest” MMC arasında tələbələrin istehsalat təcrübəsinin təşkili məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə mayın 30-da ADA Universitetinin prorektoru Günay Ziyadova və “Nardaran Invest”in satış üzrə direktoru Ena-Kameliya Məlikova tərəfindən imzalanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADA Universitetindən məlumat verilib. Razılaşmaya əsasən, ADA Universitetinin tələbələri yay semestri dövründə “Nardaran Invest” və qurumun digər müəssisələrində istehsalat təcrübəsi keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı tələbələrin ixtisaslarına uyğun olaraq planlaşdırılacaq və onların real iş mühitində praktiki bilik və bacarıqlar qazanmasına xidmət edəcək.
Razılaşma çərçivəsində hər il 10-dan çox tələbənin təcrübə proqramına cəlb olunması nəzərdə tutulur. Bundan əlavə, tələbələrə texniki sənədlərdən istifadə etmək, real layihələrdə iştirak etmək və bu yolla peşəkar iş mühiti ilə tanış olmaq imkanı yaradılacaq.
Təhsil və sənaye arasında əlaqələrin gücləndirilməsinin ADA Universitetinin prioritetlərindən biri olduğunu bildirən prorektor Günay Ziyadova əlavə edib: “Biz tələbələrimizə yalnız bilik verməklə kifayətlənmirik. Gənclərə ən müasir bacarıqları qazandırmaq, təcrübələri ötürmək və onları əmək bazarının tələblərinə uyğun hazırlamaq öhdəliyi daşıyırıq. Bu səbəbdən də qurduğumuz əməkdaşlıq yalnız tələbələrin yay təcrübəsini deyil, təhsil fəlsəfəmizdə mərkəzi yer tutan praktiki öyrənmə və real iş mühiti ilə əlaqələrin gücləndirilməsini də əhatə edir”.
Sənədi imzalayan Ena-Kameliya Məlikova deyib: “Sea Breeze” şirkəti olaraq, təhsilin peşəkar kadrların formalaşmasındakı rolunu yüksək qiymətləndiririk. Universitetinizlə əməkdaşlıq edərək tələbələrə real iş mühiti təqdim etməkdən məmnunluq duyuruq. Bu, həm tələbələr üçün karyeraya güclü başlanğıc, həm də bizim üçün istedadlı gənclərlə tanışlıq fürsətidir. Əməkdaşlığımızın faydalı olacağına inanırıq və “Sea Breeze”də hər birinizi görməkdən hər zaman məmnun olarıq!”
Qeyd edək ki, tərəflər arasında imzalanan əməkdaşlıq müqaviləsi ölkənin insan kapitalının inkişafına xidmət etməklə yanaşı, gələcəkdə daha geniş formatda qurulacaq tərəfdaşlığın təməlini təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə