Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyinə həsr olunmuş III Xarici Dil Müəllimləri Forumu keçirilib.
SİA-nın məlumatına görə, Universitetdən bildirilib ki, UNEC Xarici dillər departamentinin təşkilatçılığı ilə “Dil bacarıqları və iqtisadi imkanlar: tələbələrin qlobal bazara hazırlanması” mövzusuna həsr olunan builki forumda yerli və xarici qonaqlar, “British Council”, Pekin Xarici Dillər Universiteti, Konfutsi İnstitutu, eləcə də Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin dil mütəxəssisləri və müəllimləri iştirak ediblər.
Forumun açılışında çıxış edən tədris üzrə prorektor dosent Gəray Musayev UNEC-də xarici dillərin tədrisi ilə bağlı həyata keçirilən islahatlardan, eləcə də Xarici dillər departamentinin bu istiqamətdəki məqsədyönlü fəaliyyətindən bəhs edib. O, xarici dil bacarıqlarının tələbələrin qlobal əmək bazarına inteqrasiyasında oynadığı rolu vurğulayaraq universitetin bu sahədə beynəlxalq standartlara uyğun addımlar atdığını qeyd edib.
Tədbirdə, həmçinin Böyük Britaniyanın Azərbaycandakı səlahiyyətli səfiri Fergus Auld və British “Council”in Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva çıxış ediblər. Onlar çıxışlarında dil bacarıqlarının yaratdığı imkanlardan söz açaraq, UNEC-in bu sahədə apardığı islahatları yüksək qiymətləndiriblər. Həmçinin keçirilən forumun müasir tədris metodlarının tətbiqi və təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını, yerli və beynəlxalq mütəxəssislər arasında əməkdaşlığı daha da gücləndirdiyini deyiblər.
UNEC Xarici dillər departamentinin direktoru dosent Aysel Xəlilova və Avropa Azərbaycan Məktəbinin baş direktoru Francesco Banchinin moderatoru olduğu forumda Pekin Xarici Dillər Universitetinin professoru Hua Yang, universitetin Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri Aqşin Əliyev və digər məruzəçilər xarici dil təhsili üzrə yeni təşəbbüslər barədə fikirlərini bölüşüblər.
Forumun ikinci günündə “British Council” tərəfindən akkreditə olunmuş təlimçilər, eləcə də UNEC-in peşəkar müəllim heyəti tərəfindən süni intellektin tədrisdə tətbiqi, interaktiv metodlar və dil təlimində innovasiyalar mövzularında praktiki seminarlar təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə