Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə keçirilən Plenar iclasın növbəti sessiyası Azərbaycan 2025-ci ilin “Konstitusiya və Suverenlik” ili elan olunması fonunda “Konstitusion və insan hüquqlarını qorumaqla korrupsiyaya qarşı hüquq mühafizə fəaliyyətində texnoloji imkanların səmərəli istifadəsi” mövzusuna həsr olunub. SİA xəbər verir ki, ADA Universitetinin hüquq fakültəsinin dekanı Rəşad İbadovun rəhbərliyi ilə keçirilən sessiyada Baş Prokurorluğun nümayəndəsi Tuqay Rəhimli "Konstitusiya və insan hüquqlarının pozulma risklərinin qarşısını almaqda texnoloji vasitələrin rolu" mövzusunda çıxış edib.
Bununla yanaşı, Milli Aviasiya Akademiyasının eksperti Murad Orucov, eləcə də Papua Yeni Qvineya və Uqandanın nümayəndələri də mövzü üzrə öz baxışlarını təqdim ediblər.
Sessiya çərçivəsində hüquq-mühafizə orqanlarının fəaliyyətində texnoloji yeniliklərin, o cümlədən süni intellektla bağlı olan texnologiyaların tətbiqi müzakirə edilərək bildirilib ki, bu texnologiyaların tətbiqi ilə çoxsaylı üstünlüklər əldə etmək mümkün olsa da, onlarla insan hüquqlarının pozulması riski də yüksəkdir. Bu səbəbdən sessiyada vurğulanıb ki, Konstitusiyalar insan hüquqlarının əsas təminatçısı olmaqla korrupsiyaya qarşı mübarizə sahəsində texnologiyaların tətbiqi ilə insan hüquqlarının qorunmasını balanslaşdırmağa imkan yaradır.
Bundan başqa, tədbirdə süni intellekt və data analizi da daxil olmaqla qabaqcıl texnologiyaların hüquq-mühafizə orqanlarının fəaliyyətində tətbiqinin artan önəmi qeyd edilib. Vurğulanıb ki, korrupsiya cinayətləri törədən şəxslərin istifadə etdiyi sxem və mexanizmlər təkmilləşdikcə onlarla mübarizəni effektiv aparmaq üçün bu texnologiyalardan istifadə olunmalıdır. Əks halda, korrupsiyaya qarşı mübarizəni aparan dövlət orqanları korrupsiya cinayətləri törədənlərə münasibətdə hazırlıqsız olacaqlar.
Qeyd olunanlarla yanaşı sessiyada Konstitusiyanın ali hüquqi sənəd olmaqla qanunun aliliyini təmin etməsi vurğulanmaqla bu sənəddə təsbit edilmiş şəxsi həyatın toxunulmazlığı və ədalətli məhkəmə araşdırması hüquqları, ifadə azadlığı və ayrı-seçkiliyin qadağan olunması müddəalarının insan hüquqlarına olan istənilən müdaxilələr üçün meyarlar müəyyən etməklə sui-istifadələrin qarşısını alması və insanlara texnoloji yeniliklərdən istifadə edilməklə tətbiq edilən müdaxilələrə qarşı öz hüquqlarını müdafiə etmək və müdaxilələri məhkəmə qaydasında mübahisələmdirmək imkanı yaratması qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə