Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə birinci şeir forumu keçirilib.
SİA-nın məlumatına görə, BDU-dan bildirilib ki, forumda müasir Azərbaycan poeziyasının tanınmış nümayəndələri — Aqşin Yenisey, Qismət Rüstəmov, Fərid Hüseyn, Ramil Əhməd və Nadir Yalçın iştirak ediblər.
Rektor Elçin Babayev gənclərin şəxsiyyət kimi yetişməsində, bədii zövqlərinin formalaşmasında belə görüşlərin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, BDU-da ədəbi mühitin həmişə qaynar olduğunu diqqətə çatdırıb, forumun davamlı olaraq keçiriləcəyini qeyd edib.
BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələmdar Cabbarlı müasir Azərbaycan ədəbiyyatının intibah dövrünü yaşadığını vurğulayıb. O, forumun qonaqları olan tanınmış şairlərin yaradıcılığını təhlil edib, onlardan 3-nün məhz BDU məzunu olduğunu diqqətə çatdırıb.
Qonaqlar müasir ədəbi mühitlə bağlı fikirlərini bildirib, tələbəlik xatirələrini bölüşüblər. Aqşin Yenisey “Anlaqsız qələbəlik”, Qismət Rüstəmov gənclik illərində yazdığı “Feil haqqında məhəbbət”, Fərid Hüseyn “Sənsizlik” kimi sevilən şeirlərini oxuyublar. Ramil Əhməd modern şeirin istiqamətləri haqda danışıb və “Məktub”, Nadir Yalçın isə “İyirmi dördüncü kadr” şeirlərini səsləndiriblər.
Sonda şairlər forum iştirakçılarına imzalı kitablarını hədiyyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə