Özbəkistan universitetində Seyid Əzim Şirvani adına auditoriya açılıb

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2025-ci il tarixli Sərəncamına uyğun olaraq, Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə onun ədəbi irsinin təbliği məqsədilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən müxtəlif tədbirlər təşkil olunur. Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.

SİA-nın məlumatına görə, Mərkəzdən bildirilib ki, auditoriyanın açılış mərasimindən sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, Azərbaycan ilə Özbəkistan arasında qədim tarixi köklərə əsaslanan mədəni, ədəbi, elmi və iqtisadi əlaqələrin inkişaf dinamikasından bəhs edib. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin uzaqgörən və məqsədyönlü siyasəti, eləcə də aralarında formalaşmış səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və bütün sahələr üzrə əməkdaşlığın bu gün ən yüksək səviyyəyə çatmasına mühüm töhfə verdiyini xüsusi qeyd edib.

Akif Marifli diqqətə çatdırıb ki, yaradılmış auditoriya Azərbaycan mədəniyyətini öyrənmək üçün bir elmi-tədqiqat mərkəzinə çevriləcək, burada tədbirlər, kitab təqdimatları, seminarlar, mühazirələr təşkil ediləcək və ən əsası da gələcəkdə burada Azərbaycan dili və ədəbiyyatının tədrisi nəzərdə tutulur.

Daha sonra çıxış edən Kokand Dövlət Universitetinin birinci prorektoru Noqara Qadirova Azərbaycanın görkəmli şairi, maarifçi mütəfəkkiri Seyid Əzim Şirvani adına xüsusi auditoriyanın açılış təşəbbüsünü Özbəkistan və Azərbaycan arasındakı möhkəm dostluq, mədəni-maarif əlaqələrinin praktik təzahürü kimi qiymətləndirib. O, həmçinin belə bir mərkəzin onların universitetində yaradılmasını iki xalq arasındakı tarixi və mənəvi bağların aktuallığı, xüsusilə gənc nəslin qarşılıqlı elmi mübadilə çərçivəsində təlim-tərbiyəsindəki əhəmiyyətində xüsusi rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış sözügedən auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın həyatı, mədəni, siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb. Auditoriyada Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığına dair materiallar, elmi mənbələr, fotoşəkillər və yaradıcılığından nümunələr yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə