Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tədqiqatçı-alim, şair, professor Faruk Faik Köprülü ilə görüş keçirilib.

SİA-nın məlumatına görə, Ədəbiyyat İnstitutundan bildirilib ki, görüşdə elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənli Azərbaycan-Kərkük ədəbi əlaqələrinin tarixindən danışıb, professor Faruk Faik Köprülünün bu əlaqələrin inkişaf etdirilməsində böyük rolu olduğunu bildirib. İraq-Türkman elmi-ədəbi mühitinin, tarixinin, dilinin, etnoqrafiyasının və folklorunun daha geniş şəkildə öyrənilməsi və sistemləşdirilməsi məqsədilə görülən işlərdən danışan dosent Mehman Həsənli AMEA-da İraq-Türkman Araşdırmaları üzrə Əlaqələndirmə Şurasının yaradıldığını və tərkibinin müəyyənləşdirildiyini diqqətə çatdırıb. O, müasir dövrdə İraq-Azərbaycan, Kərkük-Azərbaycan əlaqələrinin yüksək səviyyədə inkişaf etməkdə olduğunu söyləyib, professor Faruk Faik Köprülü ilə keçirilən görüşün mövcud əməkdaşlıq münasibətlərinin davamı və yeni mərhələsi kimi böyük əhəmiyyətə malik olduğunu bildirib.

Daha sonra dosent Mehman Həsənli Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən hazırlanmış və yenicə çapdan çıxmış monoqrafiyanı, eləcə də Ədəbiyyat İnstitutunun üç dildə nəşr olunmuş kitabını professor Faruk Faik Köprülüyə hədiyyə edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Elman Quliyev, Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru Esmira Fuad, həmin institutun şöbə müdiri, professor İmamverdi Həmidov, elmi işçi Orxan İsayev və digərləri çıxış edərək professor Faruk Faik Köprülünün ədəbi-elmi araşdırmaları haqqında məlumat verib, onun Azərbaycan-İraq-Türkman ədəbiyyatının tədqiqi və təbliği sahəsindəki xidmətlərini yüksək dəyərləndiriblər.

Qeyd edilib ki, gənc yaşlarından ədəbiyyatla məşğul olan Faruk Faik Köprülü ərəb və türk dillərində 50-dən çox kitabın müəllifidir. Bu kitablardan 6-sı Azərbaycana həsr edilib. O, həmçinin Bağdaddakı Türkman radiosunda ədəbiyyat və folklor proqramlarını hazırlayaraq təqdim edir. Qırx ildir ki, “Türkman eli” proqramının aparıcısıdır. Elmi və mədəni fəaliyyəti ilə İraq-Türkman mədəniyyətinə böyük töhfələr verib.

Çıxışlarda bugünkü görüşün çağdaş Türkman ədəbiyyatı ilə bağlı gələcək işlərə təkan verəcəyi qeyd olunub, həmçinin Faruk Faik Köprülünün Azərbaycana aid şeirləri səsləndirilib.

Sonda professor Faruk Faik Köprülü tədbirin təşkilinə və onun fəaliyyətinə verilən yüksək qiymətə görə AMEA rəhbərliyinə minnətdarlığını bildirib. O, İraq türkmanlarının və Azərbaycan türklərinin eyni soydan gəldiyini, ortaq mədəniyyətə, dilə və folklora sahib olduqlarını qeyd edib. Faruk Faik Köprülü, həmçinin Azərbaycan və İraq türkmanları arasında ədəbi əlaqələrdən, türkmanların Türk dünyasında yerindən, Azərbaycan və İraq ədəbiyyatçıları arasında ortaq fəaliyyətdən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə