Mayın 18-də paytaxtdakı ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq təşkil olunub. VI siniflərdə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılıb. SİA xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Media və ictimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, paytaxtda monitorinq üçün ayrılan 92 imtahan mərkəzində Azərbaycan və rus bölməsi üzrə 50 minə yaxın VI sinif şagirdi biliyini sınayıb.
VI sinif şagirdlərinə tədris dili fənni üzrə 25 qapalı sual, təbiət fənni üzrə 25 qapalı, riyaziyyat fənni üzrə isə 20 qapalı və 5 açıq sual təqdim olunub. Sualların cavablandırılması üçün şagirdlərə 180 dəqiqə vaxt verilib.
Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.
Qeyd edək ki, mayın 17-18-də keçirilmiş monitorinqlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə IV və VI siniflər üzrə ümumilikdə 7200-dən çox şagird kompüter əsaslı monitorinqdə iştirak edib.
Monitorinqin nəticələri şagirdlərin qiymətləndirilməsinə təsir etmir.
Monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.
Bütün xəbərlər Facebook səhifəmizdə