Özbəkistanın Nəvai Dövlət Universitetinin bir qrup müəllimi iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsi, akademik bilik və təcrübə mübadiləsinin həyata keçirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADPU-dan məlumat verilib.
Nəvai Dövlət Universitetinin Praktik ingilis dili kafedrasının müdiri Dilfuza Qafurova, kafedranın dosenti Dilnoza İstamova və baş müəllimi Məmurə Burhanova ADPU-nun infrastruktur imkanları, tədris mühiti ilə yaxından tanış olublar. Qonaqlara, həmçinin ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin fəaliyyəti və müasir texnoloji imkanları haqqında ətraflı məlumat verilib.
Daha sonra müəllimlər Filologiya fakültəsinin ingilis dili müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün mühazirələr keçib, onlarla interaktiv şəkildə müxtəlif mövzularda müzakirələr aparıblar. Mühazirələr zamanı müasir tədris metodları, dil öyrətmədə tətbiq olunan yanaşmalar və beynəlxalq təcrübə barədə məlumatlar tələbələrin marağına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə