Azərbaycanlı alim Avropa Universitetlərinin Sammitində...

Macarıstanın Obuda və Semmelveis universitetlərinin, “Elsevier”, “Schmidt Science Fellows” və “FeedbackFruits” təşkilatlarının tərəfdaşlığı ilə THE (Times High Education) qurumunun “Ali təhsilin mükəmməlliyini dünya üzrə aparıcı tədqiqat və innovasiyalarla birləşdirmək” mövzusunda Avropa Universitetlərinin Sammiti keçirilib. Sammitdə Azərbaycan Dövlət İqtisad Universitetinin Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru Şahnaz Şahbazova da iştirak edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə professor Şahnaz Şahbazova məlumat verib.

Sammitin açılışında Obuda Universitetinin rektoru professor Levente Kovacs, Semmelveis Universitetinin rektoru Bela Merkely və tədbirin direktoru Jamie Ramacciotti çıxış ediblər.

Tədbirdə “Obuda Universitetinin innovasiya ekosistemi” və “İlk 100-ə gedən yolda”, “2025-ci ildə Avropa ali təhsilində tendensiyaları”, “Sistemli innovasiyaların idarə edilməsinin prinsipləri və hərəkətvericiləri” və “Qlobal ali təhsil strategiyası üçün Avropa tərəfdaşlığının əhəmiyyəti” mövzularında plenar məruzələr dinlənilib.

Üç gün davam edən Sammitdə “Ölkədə və xaricdə tədqiqat və innovasiyada mükəmməlliyin genişləndirilməsi”, “Sərhədlər arasında əməkdaşlıq: Avropa tədqiqat şəbəkələrinin gücləndirilməsi”, “Avropa universitetləri Avropa startap ekosistemindən necə yararlana bilər?”, “Sınaq və qeyri-müəyyən vaxtlarda beynəlmiləlləşmənin çətinlikləri”, “Yaxşı bir incəsənət və humanitar təhsilin əhəmiyyəti”, “Üçüncü missiyanı qəbul etməyin artan əhəmiyyəti”, “Macarıstan universitetlərində psixi sağlamlıq nə qədər yaxşı prioritetdir” və digər mövzularda panellər üzrə müzakirələr aparılıb. Həmçinin “Müasir universitetlərdə fakültə uğurunun əsas amilləri” mövzusunda vörkşop təşkil edilib.

Qeyd edək ki, professor Şahnaz Şahbazova hazırda ABŞ-ın Texas ştatının EL Paco universitetində həyata keçirilən elmi layihənin üzvü olaraq elmi tədqiqat işi aparır. O, Avropa Universitetlərinin Sammitinə Obuda Universitetinin rektoru professor Levente Kovacs tərəfindən dəvət edilib. Professor Şahnaz Şahbazova 2017-ci ildən Macarıstanın Obuda Universitetinin fəxri professorudur.

Bütün xəbərlər Facebook səhifəmizdə