ADNSU-nun sənaye müəssisələri ilə əməkdaşlığı genişlənir

Mayın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) STP Şirkətlər Qrupu və “Azroksan” MMC-nin nümayəndə heyəti ilə görüş keçirilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADNSU-dan məlumat verilib.

ADNSU-nun rektoru dosent Rüfət Əzizovla keçirilən görüşdə tərəflər ali təhsil müəssisəsi ilə sənaye sektoru arasında əməkdaşlıq imkanlarını, birgə layihə və təşəbbüsləri müzakirə ediblər.

Rektor qonaqlara ADNSU-nun fəaliyyəti və tədris imkanları barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda universitetdə 20 minə yaxın tələbə 30-dan çox ixtisas üzrə təhsil alır və bu ixtisaslardan 18-i beynəlxalq akkreditasiyadan keçib. Rektor ikili diplom proqramları, beynəlxalq tərəfdaşlıq və sənaye müəssisələri ilə əməkdaşlığın əhəmiyyətinə toxunaraq qeyd edib ki, bütün bunlar tələbələrin praktiki biliklər əldə etməsi, işlə təminatı və sənayenin kadr ehtiyaclarının ödənilməsi baxımından mühüm rol oynayır. Eyni zamanda, müəllim heyətinin müasir istehsalat prosesləri ilə tanış olması üçün yeni imkanlar yaranır.

“Azroksan” MMC-nin baş direktoru Mehmet Ali Tahancalıo rəhbərlik etdiyi şirkət haqqında məlumat verərək orada çalışan gənc əməkdaşlar arasında ADNSU məzunlarının çoxluğunu xüsusi vurğulayıb. O, universitetin kadr potensialını yüksək qiymətləndirib və tələbəyönümlü proqramların həyata keçirilməsi ilə bağlı əməkdaşlığa hazır olduqlarını bildirib.

Görüş çərçivəsində qonaqlar ADNSU və UFAZ-ın laboratoriyaları, kompüter otaqları ilə də tanış olublar. Universitetin maddi-texniki bazası, elmi potensialı və sənaye ilə əməkdaşlıq imkanları nümayəndələr tərəfindən yüksək qiymətləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə