Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən “Heydər Əliyev və dövlətçilik dəyərləri: hüquqi irs və milli suverenlik” mövzusunda seminar keçirilib. Seminar Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunub.
SİA-nın məlumatına görə, BŞTİ-dən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, BŞTİ-nin tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin rəsmlərindən ibarət sərgi ilə tanış olublar.
“Konstitusiya və Suverenlik ili” çərçivəsində keçirilən seminar Dövlət Himninin səsləndirilməsi, Ulu Öndərin və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri Əməkdar elm xadimi Vaqif Şadlinski Heydər Əliyevin Azərbaycan tarixindəki yeri və mövqeyinin, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinin gənc nəslə aşılanması istiqamətində bu cür seminarların təşkilini müsbət qiymətləndirib, dahi şəxsiyyətin həyatı, fəaliyyəti, mübarizəsi və idealları barədə şagirdlərin maarifləndirilməsinin vacibliyini qeyd ediblər. Heydər Əliyev irsinin öyrənilməsinin, onun təbliğinin gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynadığını vurğulayan çıxışçılar Azərbaycan gəncliyinin həyatımızın bütün sahələrində aktiv fəaliyyəti ilə seçildiyini bildiriblər.
Seminarda 2 və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Daha sonra seminar iştirakçıları məktəbliləri düşündürən sualları cavablandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə