Aprelin 23-də Bolqarıstanın Neofit Rilski adına Cənub-Qərb Universitetinin rektoru professor Nikolay Marinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə ADNSU-dan məlumat verilib. ADNSU-nun rektoru dosent Rüfət Əzizov ilə keçirilən görüş zamanı tərəflər iki universitet arasında təhsil və elmi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Əsas müzakirə mövzuları tələbə və müəllim mübadiləsi proqramlarının yaradılması, birgə elmi-tədqiqat layihələrinin icrası və ikili diplom proqramlarının həyata keçirilməsi olub.
Dosent Rüfət Əzizov qonaqlara universitetin tarixi, müasir təhsil imkanları və beynəlxalq əməkdaşlıq strategiyası haqqında məlumat verib. O, Bolqarıstan universiteti ilə əlaqələrin genişləndirilməsinin ADNSU üçün əhəmiyyətli olduğunu qeyd edib.
Professor Nikolay Marin rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib və ADNSU-nun elmi potensialını yüksək qiymətləndirib. O, belə bir universitetlə əməkdaşlıq əlaqələrinin qurulmasının hər iki tərəf üçün faydalı olacağına əminliyini bildirib.
Görüşün sonunda ADNSU ilə Cənub-Qərb Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Səfər çərçivəsində qonaqlar ADNSU-nun Tarix və Mineralogiya muzeyi, kompüter otaqları və laboratoriyaları ilə də tanış olublar. Onlara universitetin maddi-texniki bazası və təhsil infrastrukturu barədə ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə